“Bakı Fond Birjası” QSC (BFB) Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “AzInTelecom” MMC-nin Bakı və Yevlaxdakı data mərkəzləri ilə göstərdiyi bulud xidmətlərindən istifadə etməyə başlayıb. Banker.az bu barədə nazirliyə istinadən xəbər verir.
Məlumata görə, BFB ilkin mərhələdə “İaaS” (“İnfrastructure-as-a-Service”) bulud infrastrukturu və “BaaS” (“Backup-as-a-Service”) məlumatların daimi rezervlənməsi xidmətini əldə edib. Nəticədə birja məlumat itkisi baş verən zaman onun operativ şəkildə bərpasını, müəssisə üçün mühüm məlumatların qorunub saxlanılmasını təmin edir.
Bu xidmətlərin istifadəsi benefisiarlara onların kritik infrastrukturunun fəaliyyət göstəricilərinin yüksəldilməsi, məlumatların təhlükəsizliyi üçün xərclərin azaldılması kimi üstünlüklər verir. Rezervlənmə xidmətinin əldə edilməsi qurumlara daxili resurs tələbatının azaldılması hesabına xərclərin optimallaşdırılması imkanı verir.
Həmçinin virtual infrastrukturların Data Mərkəzində avtomatlaşdırılmış şəkildə rezervlənməsi, şifrləmə vasitələrindən istifadə etməklə məlumatların müxtəlif məkanlarda saxlanılması bulud infrastrukturu üçün zəruri olan təhlükəsizliyi təmin edir.
Təqdim edilən xidmətlər çərçivəsində istifadəçinin seçiminə əsasən rezervlənmə prosesi gündəlik, aylıq və yaxud illik meyarlara əsasən planlaşdırıla bilər. Bununla da, müəssisələr rezervlənmələrin məlumatların artımı bazasında həyata keçirilməsi hesabına yaddaş və trafik xərclərinə qənaət edilməsi kimi üstünlüklər əldə edir.