“Bakı Fond Birjası” QSC 2024-cü ili 999.6 min manat xalis zərərlə başa vurub. Halbuki 2023-cü ildəki zərər 367.9 min manat olmuşdu.
Banker.az xəbər verir ki, bu barədə BFB-nin illik audit hesabatında bildirilir.
Beləliklə, şirkətin illik xalis zərəri 2.7 dəfə artıb. Əməliyyat gəlirləri 2024-cü ildə 2.65 milyon manat təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 4.6% azalmadır. Xidmətlərdən əldə edilən gəlirlər isə cüzi artaraq 87.7 min manata yüksəlib.
Əməliyyat xərcləri ötən illə müqayisədə əhəmiyyətli şəkildə artaraq 2.76 milyon manatdan 4.1 milyon manata çatıb. Bu isə 48.4%-lik bir artıma işarə edir. Əsas artım əməkhaqqı və bağlı digər xərclərdə (36%) və amortizasiya xərclərində (63%) müşahidə olunub. Bu artım əməliyyat zərərinin 489 min manatdan 1.45 milyon manata yüksəlməsinə səbəb olub.
Maliyyə xərcləri 135.5 min manat təşkil edib ki, öncəki ildə ildə bu xərclər 150.6 min manat idi. Eyni zamanda, qeyri-maddi aktivlərin dəyərsizləşməsi üzrə xərclər azalıb, amma əsas fərq daşınmaz əmlakın silinməsi üzrə itkilərdən qaynaqlanır.
BFB-nin ümumi aktivləri 2023-cü ilin sonunda 11.26 milyon manat olduğu halda, 2024-cü ilin sonunda 10.53 milyon manata düşüb. Bu da 6.5% azalma deməkdir. Aktivlərin azalmasına əsas səbəb cari aktivlərdəki 29% azalma olub. Əsasən banklardakı depozitlərdə 58% və digər cari aktivlərdə 32% azalma müşahidə olunub.
Uzunmüddətli aktivlərdə isə 8% artım qeydə alınıb. Qeyri-maddi aktivlər 22.7%, təxirə salınmış vergi aktivləri isə 2.4 dəfə artıb. İnvestisiya qiymətli kağızlarında isə 4% azalma baş verib.
Kapital strukturunda isə bölüşdürülməmiş mənfəət 1 milyon manat və ya 21% azalıb. Şirkətin cəmi kapitalı 8.95 milyon manatla ötən ilə nisbətən sabit qalsa da, öhdəliklərində artım müşahidə olunub. Cəmi öhdəliklər 2024-cü ildə 1.57 milyon manat təşkil edib ki, bu da 20.5% artım deməkdir.