“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) rəsmi saytından Bakı-Gəncə-Bakı istiqaməti üzrə hərəkət edən sürətli sərnişin qatarına 10 avqust 2022-ci il tarixindən etibarən onlayn rejimdə alınmış biletlər artıq avtomatik olaraq elektron qeydiyyatdan keçirilir. Bununla da sərnişinlərin gediş-gəliş biletini onlayn sifariş etdikdən sonra kassalara yaxınlaşmasına ehtiyac qalmır.
ADY sərnişinlərə verilən onlayn xidmətlərin daha da təkmilləşdirilməsi istiqamətində işləri davam etdirir. Yaxın zamanda ADY-nin istifadəyə verəcəyi yeni mobil tətbiqi vasitəsilə də elektron bilet almaq mümkün olacaq.
Elektron bilet almaq üçün ADY-nin rəsmi səhifəsinə keçid edə və ya elektron bilet satışı, vaksin sertifikatına dair qaydalarla tanış ola bilərsiniz.
Qeyd edək ki, sərnişinlər avqust ayının 10-na qədər onlayn alınan biletlər üçün əvvəlki qaydada kassaya yaxınlaşaraq kağız biletlər almalıdır.