Bakı Gəmiqayırma Zavodu üçün güzəşt və azadolmaların müddəti artırılır.
Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Təklif layihəsi qüvvəyə minəcəyi təqdirdə, Qaradağ Sənaye Parkının gəmiqayırma fəaliyyəti ilə məşğul olan rezidentinə münasibətdə Vergi Məcəlləsi ilə tətbiq olunan güzəşt və azadolmalar (mənfəət, əmlak və torpaq vergisindən azadolma) 6 il müddəti (2030-cu ilin 31 dekabr tarixinədək) əhatə edəcək.
Eyni zamanda Qaradağ Sənaye Parkının gəmiqayırma fəaliyyəti ilə məşğul olan rezidenti olaraq Zavodun fəaliyyəti üçün malların idxalına tətbiq olunan gömrük rüsumunun ödənilməsindən azadolma müddəti “Gömrük tarifi haqqında” qanuna təklif olunan dəyişikliyə əsasən 2030-cu ilədək uzadılacaq.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.







