9 C
Baku
Sunday, November 17, 2024

Bakı hava limanından rekord

2023-cü ildə Heydər Əliyev Beynəlxalq Aeroportunda sərnişin dövriyyəsi 2022-ci illə müqayisədə 33 % çox və rekord həddə – 5,85 milyon nəfərdən çox olub.

Banker.az xəbər verir ki, sərnişin axınının pik həddi avqustun 13-də qeydə alınıb – 24 274 nəfər.

Ötən il Bakı aeroportunda beynəlxalq reyslərdə 5,13 milyon sərnişinə xidmət göstərilib. Bunun da 42,5 %-i “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL), qalan 57,5 %-i isə xarici aviadaşıyıcıların payına düşüb.

Hesabat dövründə milli aviadaşıyıcı beynəlxalq istiqamətlərdə 2,18 milyon sərnişin daşıyıb. Naxçıvan istiqamətində daşınan sərnişinlərin sayı isə 717 min nəfər təşkil edib ki, bu da əvvəlki ilə nisbətən 4,8 % artım deməkdir. Bu marşrut üzrə sərnişin axınının pik həddi iyulda qeyd olunub, həmin ay 92 mindən çox sərnişinə xidmət göstərilib.

Bakı hava limanına uçuş həyata keçirən 18-i aşağıbüdcəli olmaqla, 41 aviaşirkətdən “Turkish Airlines”, “AnadoluJet”, “Utair”, “Aeroflot”, “Fly Dubai”, “Wizz Air Abu-Dhabi”, “Pegasus”, “Azimut”, “Air Arabia” və “Iraero” ən çox sərnişin daşıyıb. Ən populyar xarici istiqamətlər İstanbul, Moskva, Tbilisi, Dubay və Əbu-Dabi olub.

Ümumilikdə, 2023-cü ildə Heydər Əliyev Beynəlxalq Aeroportundan 80-ə yaxın müxtəlif istiqamətə 49,3 mindən çox reys yerinə yetirilib.

“Bakı aeroportunda tranzit sərnişinlərin sayı da 2022-ci illə müqayisədə 142 % artıb – 162 mindən çox sərnişinə xidmət göstərilib. Yeni xarici aviaşirkətlərin cəlb edilməsi, marşrut şəbəkəsinin genişləndirilməsi və hava limanında aparılan infrastruktur işləri bütün sərnişinlər üçün daşımaların əlçatanlığını xeyli yaxşılaşdırıb”, – deyə hava limanın direktoru Teymur Həsənov vurğulayıb.

Sərnişin təcrübəsinin təkmilləşdirilməsi məqsədilə 2023-cü ildə Heydər Əliyev Beynəlxalq Aeroportunda bir sıra yeniliklər, o cümlədən nəqliyyat vasitələrinin sürətli giriş-çıxışını və parkinq üçün müxtəlif ödəniş üsullarını təmin edən innovativ xidmət, uçuş öncəsi rəsmiləşdirmə prosesini asanlaşdıran və sürətləndirən Səyahət Sənədlərinin Avtorizasiya Sistemi (TDAS) tətbiq edilib.

Hasabat ilində ölkənin regional hava limanlarında da sərnişindaşımada müsbət dinamika müşahidə olunub, Naxçıvanda 744 min, Gəncədə 218 min, Lənkəranda isə 16 mindən çox sərnişinə xidmət göstərilib.

Son xəbərlər
Digər xəbərlər