srail vətəndaşlarının 2019-ci ilin yanvar-iyul ayları ərzində ən çox səfər etdiyi xarici ölkə şəhərlərininsiyahısı açıqlanıb.
Dövlət Turizm Agentliyindən verilən xəbərə görə, bu barədə məlumatı İsrailin nüfuzlu gündəlik qəzeti “Ynet” ölkənin “Amadeus” şirkətinə istinadən açıqlayıb.
Şirkətin məlumatına görə, Bakı 2018-ci ilə nisbətdə 29% artımla İsrail vətəndaşlarının ən çox üz tutduğu şəhərlər sırasında ilk 10-luqda qərarlaşıb.
İlk 10-luğa həmçinin Rusiyanın, Gürcüstanın, Bolqarıstanın, Kiprin və Yunanıstanın şəhərləri də daxil olub.
Qeyd edək ki, Azərbaycan Turizm Bürosu 2019-cu ilin əvvəlindən etibarən israilli turistləri hədəfləyən kampaniya həyata keçirir.
Belə ki, Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun nümayəndə heyəti bu ilin 12-13 fevral tarixlərində Tel-Əviv şəhərində təşkil olunmuş “Beynəlxalq Aralıq dənizi Turizm Bazarı” (IMTM 2019) sərgisində ölkəmizi təmsil edib.
İsrail mediası üçün Azərbaycana 2 infotur təşkil edilib ki, bu infoturlarda da İsrailin “Laisha”, “Walla!”, “Israel Today”, “Yediot Achronot”, “Passport-Globes”, “Lametayel”, “Mako” kimi tanınmış kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.
İyul ayından başlayaraq İsrailin 3500 turagentindən ibarət məlumat bazasına Azərbaycan haqqında aylıq elektron bülletenlər göndərilməyə başlanılıb.
Aylıq 1.4 milyon istifadəçisi olan və səyahətçilər arasında məşhurluğu ilə tanınan “Lametayel” jurnalında Azərbaycan haqqında geniş məqalə dərc edilib, eyni zamanda jurnalın sosial şəbəkələrdəki hesablarında ölkəmizin turizm potensialını təbliğ edən video və fotolar paylaşılıb.
Bundan əlavə, Azərbaycan Turizm Bürosu davamlı olaraq sosial şəbəkə hesablarında İsrail bazarına hədəflənmiş paylaşımlar yerləşdirir və reklam siyasəti aparır.
Qeyd edək ki, 2018-ci ildə İsraildən Azərbaycana gələnlərin sayı 40082 nəfər təşkil edib.
Bu ilin yanvar-iyul aylarında isə Azərbaycana 24464 İsrail vətəndaşı səfər edib.