Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC (Bakı Limanı) və İqtisadiyyat Nazirliyinə məxsus “Təmiz Şəhər” ASC arasında əməkdaşlığa dair müqavilə imzalanıb.
Bu barədə Bakı Limanından bildirilib.
Razılaşmaya əsasən, Bakı Limanında toplanılan çeşidlənmiş tullantılar “Təmiz Şəhər”ə təhvil veriləcək. Çeşidlənmiş tullantılar dedikdə əsasən üzvi, yəni mətbəxdə yaranan tullantılar və qeyri-üzvi tullantılar, o cümlədən işlənmiş mühərrik yağları, hidravlik yağlar, habelə işlənmiş duru yağlar, istifadəyə yararsız vəziyyətdə olan məhv edilməli avadanlıqlar və təkrar emala yararlı digər tullantılar nəzərdə tutulur.
Müqavilənin imzalanma mərasimində Bakı Limanının Baş direktoru Taleh Ziyadov bildirib ki, təşkilat Avropa Birliyi ekspertləri ilə birgə iqlim dəyişikliyi, biomüxtəlifliyin və ekosistemlərin qorunması, enerji istehlakı kimi qlobal təsirlərin yaranmasının qarşısını almaq üçün 2 ildir “yaşıl liman” strategiyasını inkişaf etdirir. Bu gün imzalanmış müqavilə də ətraf mühitin mühafizəsi istiqamətində görülən işlərin daha da intensivləşdirilməsinə yardımçı olacaq: “Xəzər hövəsində ilk “EcoPort” statusu almış Bakı Limanı ilə “Təmiz Şəhər” arasında qurulmuş əməkdaşlıq tullantıların azaldılması və yenidən emal edilməsi sahəsində mövcud olan beynəlxalq standartlara və qabaqcıl təcrübələrə əsasən aparılacaq”.
“Təmiz Şəhər”in İdarə Heyətinin sədri Etibar Abbasov bildirib ki, bu gün imzalanan müqavilə hər iki qurum arasında ekoloji məsələlər üzrə təcrübə və imkanlardan qarşılıqlı faydalanmaq üçün atılmış uğurlu bir addımdır. E.Abbasov qeyd edib ki, tullantıların qəbulu, yerləşdirilməsi və zərərsizləşdirilməsi ilə məşğul olan “Təmiz Şəhər” tullantıların idarəolunması sahəsində həyata keçirilən bütün effektiv layihələrə daim dəstək verməyə hazırdır. Cəmiyyətin sədri vurğulayıb ki, müqaviləyə əsasən, tullantıların düzgün idarəolunması ilə əlaqədar təlimlər keçiriləcək, çeşidlənmiş tullantılar Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunda, təkrar emala yararlı tullantılar isə Balaxanı Sənaye Parkında qəbul olunacaq.
Eyni zamanda, əməkdaşlığa əsasən Bakı Limanı tərəfindən həyata keçirilən sosial korporativ məsuliyyət proqramı çərçivəsində Ələt qəsəbəsində yerləşən məktəblərin şagirdləri üçün müxtəlif mövzularda ustad dərslərinin (master-klassların) və mühazirələrin, həmçinin məlumat saatının təşkil olunması, tullantıların düzgün idarə olunmasının və çeşidlənməsinin ibtidai vərdişlərinin formalaşmasına xidmət edən çizgi filmlərinin nümayişi kimi maraqlı və maarifləndirici tədbirlərin həyata keçirilməsi, qəsəbənin məktəblərində quraşdırılan çeşidləmə qutuları ilə düzgün rəftarın formalaşdırılması nəzərdə tutulur.
Xatırlatmaq istərdik ki, 16 oktyabr 2019-cu il tarixində Norveçin Oslo şəhərində “Yaşıl Liman” konfransında baş tutan mükafatlandırma mərasimində Bakı Limanı Avropa Dəniz Limanları Təşkilatının PERS – “EcoPorts” sertifikatına layiq görülüb. Bununla da Bakı Limanı Xəzər bölgəsində PERS – “EcoPorts” sertifikatı alan ilk liman olub. Qeyd edək ki, Avropada Rotterdam və Barselona kimi ən işlək limanlar da daxil olmaqla 34 “EcoPorts” fəaliyyət göstərir. Bakı Limanı əməliyyat effektivliyinin artırılması, liman idarəetməsi, ətraf mühit və risklərin idarə edilməsi sahələrində Avropa Birliyi ilə sıx əməkdaşlıq edir. Artıq ISO 9001: 2015, OHSAS 18001 və ISO 14001 sertifikatlarına sahib Bakı Limanı BMT-nin Davamlı İnkişaf Məqsədlərini (SDG) iş prosesində və əməliyyatlarında tətbiq edir.