Metropolitenin statusu dəyişib, kommersiya qurumuna, müstəqil bir təşkilata çevrilib.
Fevralın 27-də prezident İlham Əliyev “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin yaradılmasına sərəncam verdi.
Beləliklə, metropoliten kommersiya strukturuna çevrilir.
Qapalı səhmdar cəmiyyəti hüquqi şəxs olan kommersiya strukturlarından biridir.
Metropoliten ətrafında daima müzakirə olunan məsələlərdən biri gediş haqqı ilə bağlıdır. Uzun müddət metroda gediş haqqı 5 qəpik olub. 2009-cu ilin sentyabrında Tarif Şurasının çıxardığı qərarla həmin ilin oktyabr ayından gediş haqqı 15 qəpiyə qaldırılıb. Tarif Şurasının 2011-ci ilin noyabrında çıxardığı qərara əsasən isə həmin ilin dekabrından metroda gediş haqqı 20 qəpikdir.
Metropoliten rəhbərliyi bu qiymətin də əslində az olduğu, bir sərnişinin daşınmasının 70 qəpikdən çox xərc apardığı haqda dəfələrlə açıqlamalar verib, beləliklə, gediş haqqının artırılmasına hələ zərurət qaldığını vurğulayıb.
Metropolitenin statusunun dəyişməsi, kommersiya qurumuna, yəni daha müstəqil bir təşkilata çevrilməsi gediş haqqına təsir göstərəcəkmi?
İqtisadçı-ekspert Samir Əliyevin sözlərinə görə, metropolitenin hüquqi şəxs olması metroda qiymətin tənzimlənməsi qaydasını dəyişmir:
“Metroda gediş haqqı tənzimlənən qiymətlərə daxildir. Bu, o deməkdir ki, indən belə də metroda gediş haqqının məbləğini Tarif Şurası müəyyənləşdirəcək. Yəni “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti qiyməti özü dəyişə bilməz. Əgər cəmiyyət qiyməti dəyişmək istəsə, yenə Tarif Şurasına müraciət etməli, qərar Tarif Şurasında çıxarılmalıdır. Bir sözlə, Bakı metrosunda gedişin neçəyə olması yenə Tarif Şurasının qərarından asılı bir məsələdir”.
Oxu.az