“Bakı Metropoliteni” QSC-nin audit, strategiya və investisiyalar komitələrinin yeni tərkibləri təsdiq edilib.
Azərbaycan İnvestisiya Holdinqindən verilən məlumata görə, qeyd olunan komitələrin yeni tərkibləri QSC-nin Müşahidə Şurasının növbəti iclasında formalaşıb.
Şuranın sədri, iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevin sədrliyi ilə keçirilən iclasda Müşahidə Şurasının üzvləri, QSC-nin sədri Zaur Hüseynov və digər vəzifəli şəxslər iştirak ediblər.
İclasda Cəmiyyətin hüquq, maliyyə, vergi və kommersiya sahələrində fəaliyyəti müzakirə olunub. Həmçinin QSC-nin korporativ strukturuna daxil olan bölmələrin ştat cədvəlinin təsdiq edilməsinə razılıq verilib.
İclas iştirakçıları Cəmiyyətin cari fəaliyyəti ilə əlaqədar olan digər məsələləri də müzakirə ediblər.