12 C
Baku
Wednesday, December 11, 2024

Bakı metrosunun yeni stansiyalarının planları – Foto

Şərti adı “B3” olan metrostansiya istifadəyə verildikdən sonra “B4” stansiyasının inşasına başlanılacaq. Bu barədə “Bakı Metropoliteni” QSC-nin baş mühəndisi Əlixan Osmanov metropoliten xəttlərinin konseptual inkişaf sxemi barədə danışarkən deyib.

Onun sözlərinə görə, bu gün metropolitenin qarşısında dayanan əsas məqsəd sərnişinlərin metrodan rahat istifadəsini təmin etmək məqsədilə xəttlərin bir-birindən ayrılmasıdır:

 

“Bu gün paytaxtın Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsində, Hərbi Hospitalın yanında inşası tamamlanmaqda olan, bənövşəyi xətdə yerləşən “B3” stansiyası gələn il istifadəyə veriləcək. Bunun davamı olaraq isə şərti adı “B4” olan ərazi üzrə Heydər Əliyev adına İdman Konsert Kompleksinin arxasında, C.Məmmədqluzadə küçəsində yeni stansiyanın inşaasına başlanılacaq. Metropoliten qarşısında dayanan prioritet vəzifə xətlərin bir-birindən ayrılmasıdır. Amma bunun üçün bir sıra mühüm şərtlər nəzərə alınmalıdır.

“Şah İsmayıl Xətai” stansiyasından sonra “Həzi Aslanov” stansiyasına qədər olan “Ağ Şəhər”, “Y15” stansiyaları xüsusi inşa olunacaq. “Dərnəgül” stansiyasından sonra xətlərin ayrılması məqsədilə 3 yeni stansiya tikilməlidir. Həmin stansiyların sonuncusu “Koroğlu” stansiyasının yaxınlığına düşəcək.

Ümumilikdə prioritet məqsədə 5 stansiya daxildir. Təbii ki, bununla paralel olaraq başqa işlər də görülür. Sadəcə stansiya baxımından həmin istiqamətdə xətlərin ayrılmasına başlamaq üçün bu stansiyaların inşası vacibdir”.

Qeyd edək ki, “Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi”nə uyğun olaraq, ümumi uzunluğu 28,5 km olacaq mövcud Qırmızı xətt Badamdar qəsəbəsindən başlayaraq Zığ qəsəbəsinədək uzanacaq. 19 stansiyadan ibarət olacaq xəttin 13 stansiyası və 1 elektrik deposu istismardadır. Layihədə “İçərişəhər” stansiyasından sonra 4, “Həzi Aslanov” stansiyasından sonra 2 stansiyanın inşası nəzərdə tutulub.

Ümumi uzunluğu 41,8 km olacaq Yaşıl xətt Xətai, Nəsimi, Yasamal, Binəqədi, Nəriman Nərimanov, Nizami, Sabunçu və Suraxanı rayonlarını əhatə edəcək. Perspektiv inkişaf planına uyğun olaraq, gələcəkdə bu xətt üzrə Bakı metrosunda ilk dəfə qatarların dairəvi hərəkəti təşkil olunacaq. 23 stansiyası olacaq xəttin hazırda 10 stansiyası istismardadır. Xəttin bir elektrik deposu inşa olunur, daha biri isə layihələndirmə mərhələsindədir.

Perspektiv inkişaf planına uyğun olaraq, “28 May” stansiyasının layihəsini dəqiqləşdirərək yenidən qurulmasının başa çatdırılması ilə mövcud Qırmızı və Yaşıl xətlərin ayrılması onların hər birində qatarların sərbəst hərəkətinin təşkili nəzərdə tutulub.

Uzunluğu 18,5 km olacaq Bənövşəyi xətt Xocəsən qəsəbəsindən başlayaraq Qaraçuxur qəsəbəsinədək uzanacaq. Metropolitenin perspektiv inkişaf planının birinci prioritet istiqamətinə daxil olan Bənövşəyi xəttin “Avtovağzal” və “Memar Əcəmi” stansiyaları 2016-cı il aprel ayının 19-da sərnişinlərin istifadəsinə verilib. Bu xətt üzrə 6-sı keçid olmaqla,10 yeni stansiya inşa olunmalıdır. Hazırda Xocəsən qəsəbəsində Bənövşəyi xəttin deposunun, eləcə də Ceyhun Səlimov küçəsində 3-cü stansiyasının tikintisi davam edir.

Uzunluğu 16,3 km olacaq Mavi xətt Yeni Yasamal yaşayış sahəsindən başlayaraq Sabunçu rayonunun Bakıxanov qəsəbəsinə qədər uzanacaq. Xətt üzrə 7-si keçid olmaqla, 11 stansiya və 1 elektrik deposu tikiləcək.

Uzunluğu 14,7 km olacaq Sarı xətt Binəqədi rayonundan başlayaraq Səbail rayonunun Bayıl qəsəbəsinədək uzanacaq. Bu xətdə 5-i keçid olmaqla, 11 stansiya və 1 elektrik deposu inşa olunacaq.

Perspektiv inkişaf planına uyğun olaraq yeni xətlərin tunel, stansiya və depolarının inşası ilə yanaşı, mövcud stansiyaların mərhələlərlə yenidən qurulması və müasir avadanlıqlarla təchiz olunması, dərin özüllü birçıxışlı stansiyaların ikinci çıxışlarının tikintisi aparılır.

“Bakı Metropoliteni Xətlərinin Konseptual İnkişaf Sxemi”nə əsasən gələcəkdə metropolitenin ümumi şəbəkəsi 3 mövcud (Qırmızı, Yaşıl və Bənövşəyi) və 2 əlavə yeni xətt (Mavi və Sarı) olmaqla, 5 xətdən, 76 stansiyadan, 6 elektrik deposundan və 119,1 km metro xəttindən ibarət olacaq. Metropolitenin 51 yeni stansiyanın inşa edilməsi və 84,3 km metro xəttinin çəkilməsi nəzərdə tutulub.                                        metro3                                                            ©Oxu.az

Son xəbərlər
Digər xəbərlər