“Son zamanlar qəsəbələrdə bəzi evlərin yollara yaxın tikilməsi yol infrastrukturunda bir az çətinliklər yaradıb”.
Bunu Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli İlham Əliyevin qəbulunda deyib.
“Biz bu ilin doqquzuncu ayından sonra qəsəbələri onların yol ölçülərinə, dönmə dərəcələrinə görə mərhələli şəkildə avtobuslarla təmin edəcəyik. Çünki 12 metrlik avtobuslar bəzi qəsəbələrin yollarında hərəkət edə bilmir. Sizin tapşırığınıza əsasən bu il alınacaq 415 avtobusdan 115-i artıq sifariş edilib, 300-ü isə tenderə çıxarılacaq. Orada biz 8 və 9 metrlik avtobuslar da nəzərdə tutmuşuq ki, qəsəbələrətrafı və qəsəbələrdaxili hərəkət üçün daha təhlükəsiz, onların yoluna uyğun olsun. Eyni zamanda, mart ayında daşıyıcılar tərəfindən də 50-yə yaxın avtobusun gətiriləcəyi gözlənilir. Bu avtobusların qəsəbələr istiqamətində xətlərə buraxılması nəzərdə tutulur. Qəsəbələrin yol infrastrukturuna dair layihələri biz Avtomobil Yolları Dövlət Agentliyi ilə birgə hazırlayırıq. Bu istiqamətdə də işlər yekunlaşacaq.”
Bundan əlavə BNA sədri qəsəbələrdə əsasən kiçik hablar yaratmaq istədiklərini deyir: “Bu kiçik habları Siz qeyd etdiyiniz kimi, dairəvi dəmir yolunun ətrafında yaratmaq istəyirik ki, bir-biri ilə əlaqəli olsun. Vətəndaş haba gələndən sonra şəhərə istəsə dəmir yolu ilə, istəsə də avtobusla gedə biləcək.”