Sədr danışdı.
İlkin mərhələdə Bakı-Sumqayıt-Bakı dəmir yolu xətti ilə 20-30 min sərnişin daşıyacağıq.
Oxu.Az xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov bildirib.
Sədr həmçinin yeni sərnişin qatarlarında qiymətlərlə bağlı da açıqlama verib.
Onun sözlərinə görə, bu gün insanlar Bakı və Sumqayıt arasında təxminən 1 manat, 1 manat 20 qəpik xərcləyirlər.
“Biz dəmir yolu qiymətlərini bundan xeyli ucuz edəcəyik və həmçinin biz şəhər arasında məsafənin daha az vaxta qət edilməsinə nail olacağıq”, – deyə, o bildirib.
C.Qurbanovun sözlərinə görə, Bakı-Sumqayıt dəmir yolunda xeyli sayda qanunsuz tikililər var, onları təmizləmək lazımdır.
“Həmin evlərin ilk öncə qeydiyyatı aparılır, daha sonra onlar kadastr xidmətinə, Maliyyə Nazirliyinə təqdim olunur. Ondan sonra hökumət kompensasiya ayırırsa, bu tikililərə görə pullar verilir və qanunsuz tikililər sökülür.
Sürətin yüksək olmasına mane olacaq bəzi yerlərdə əyriliklər var, biz bunları da düzəldirik. Orta sürət saatda 80-100 kilometr olmalıdır ki, sərnişin 40 dəqiqə ərzindən Sumqayıtdan Bakının mərkəzində ola bilsinlər”.