Bakı-Supsa kəməri (Qərb İxrac Boru Kəməri) vasitəsilə Qazaxıstan neftinin ixracı mümkündür.
Bunu “BP-Azerbaijan” şirkətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tamam Bayatlı bu gün Energetika Nazirliyinin Heydər Əliyevin 100 illiyi münasibəti ilə jurnalistlər üçün Səngəçal terminalına təşkil etdiyi press-tur çərçivəsində bildirib.
Onun sözlərinə görə, neftin daşınması üçün kommersiya məsələləri həll edilməlidir: “Burada yalnız kommersiya məsələləri həll edilməlidir. Düşünürəm ki, Bakı-Supsanın istifadəsiz qalması düzgün olmaz”.
T.Bayatlı qeyd edib ki, bununla bağlı Qazaxıstanla Azərbaycan arasında danışıqlar aparılır.
Qeyd edək ki, Qazaxıstan və Azərbaycan arasında 2023-cü ildə Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə 1.5 milyon ton neftin nəqlinə dair razılıq əldə olunub.
Xatırladaq ki, Bakı-Supsa kəməri başlanğıcını Səngəçal terminalından götürüb, Gürcüstanın Supsa terminalına qədər uzanır. Bu kəmər “Əsrin müqaviləsi” imzalanandan sonra Azərbaycanın qısa müddətdə yaratdığı neft ixracı sisteminin ayrılmaz bir hissəsidir.
Bu kəmər ilə Xəzərin Azərbaycan sektorunda hasil edilən neftin Gürcüstan üzərindən dünya bazarlarına nəqli həyata keçirilir. Kəmər vasitəsilə xam neft Qara dəniz sahilinə nəql edilərək Supsa terminalında tankerlərə yüklənir və Bosfor boğazından keçməklə Avropa bazarlarına daşınır.
Kəmərin tikintisinə Azərbaycan və Gürcüstan arasında 1996-cı ilin martında imzalanmış Hökumətlərarası Sazişdən sonra başlanılıb. İnşaat işləri 1998-ci ilin noyabrında başa çatıb. Supsada ilk dəfə neft 1999-cu il aprelin 8-də gəmilərə yüklənib. Aprelin 17-də isə kəmərin rəsmi açılış mərasimi keçirilib.
Kəmərin ümumi uzunluğu 829.6 km-dir. Onun 456.4 km-i Azərbaycandan, 373.2 km-i isə Gürcüstan ərazisindən keçir. Kəmərin gəmiyükləmə qabiliyyəti 600 min bareldən 1 milyon barrelə qədərdir. Kəmərin ötürmə qabiliyyəti gündə 90 min bareldir (maksimum 106 min barel/gün).
Bu qaz kəməri “Azəri-Çıraq-Günəşli” (AÇG) konsorsiumuna aid olduğu üçün səhmdarları AÇG ilə eynidir:
Bakı-Supsa boru kəmərində BP (30.37 %), SOCAR (25 %), “MOL Group” (9.57 %), INPEX (9.31 %), “Equinor” (7.27 %), “ExxonMobil” (6.79 %), TPAO (5.73 %), ITOCHU (3.65 %), “ONGC Videsh Limited” (OVL) (2.31 %) pay sahibidir.