Bakı-Tbilisi-Ceyhan boru kəmərinin xərcləri 132 milyona yüksəlib

Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri üzrə 2026-cı ilin ilk yarısında ümumi xərclər 132 milyon dollar təşkil edib.

Banker.az bunu “BP Azərbaycan”ının rüblük hesabatına istinadən xəbər verir.

Bu məbləğin 75 milyon dolları əməliyyat xərclərinin (OPEX), 57 milyon dolları isə əsaslı xərclərin (CAPEX) payına düşüb. 2025-ci ilin ilk yarısında BTC üzrə OPEX 60 milyon dollar, CAPEX isə 30 milyon dollar olub.

Beləliklə, BTC-nin 2026-cı ilin ilk yarısında ümumi xərcləri illik müqayisədə 42 milyon dollar və ya 46,7% artıb. Əməliyyat xərcləri 15 milyon dollar və ya 25%, əsaslı xərclər isə 27 milyon dollar və ya 90% yüksəlib.

Eyni zamanda, 2026-cı ilin ilk altı ayında BTC vasitəsilə təxminən 13 milyon ton (97 milyon barel) xam neft və kondensat ixrac edilib və Ceyhan terminalında 131 tankerə yüklənib. 2025-ci ilin eyni dövründə bu göstərici 13 milyon ton və 106 milyon barel olub.

1768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyununda istismara verilib. 2026-cı ilin iyunun sonunadək kəmərlə ümumilikdə təxminən 631 milyon ton (4,7 milyard bareldən çox) xam neft nəql olunub və Ceyhanda 6276 tankerə yüklənərək dünya bazarlarına göndərilib.

Hazırda BTC əsasən Azərbaycandan AÇG nefti və Şahdəniz kondensatı daşıyır. Bununla yanaşı, kəmər vasitəsilə Qazaxıstan, Türkmənistan və SOCAR-ın Azərbaycanda hasil etdiyi digər xam neft və kondensat həcmləri də nəql olunur.

Qeyd edək ki, 1 iyul 2026-cı ildən etibarən BTC boru kəmərinin operatorluğu, həmçinin BTC və Cənubi Qafqaz Boru Kəməri (CQBK) sistemləri ilə bağlı ümumi fəaliyyətlərin operatorluğu “BP Exploration (Caspian Sea) Limited” şirkətindən SOCAR-a məxsus törəmə müəssisə olan “SOCAR Midstream Operations” MMC-yə keçib.

BTC Ko.-nun səhmdarları bp (30,10%), SOCAR (32,97%), MOL (8,90%), TPAO (6,53%), Eni (5,00%), TotalEnergies (5,00%), İTOÇU (3,40%), ONGC Videş (3,10%), EksonMobil (2,50%) və İNPEKS (2,50%) şirkətləridir.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər