22 C
Baku
Thursday, October 3, 2024

Bakı-Tbilisi-Qars dəmir yolunda hərəkətin bərpa olunacağı vaxt açıqlanıb

Mayın 20-dən etibarən yeni təmir edilmiş Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti ilə yük qatarlarının hərəkətinə başlanılacaq.

BTQ dəmir yolu xəttinin Gürcüstandan keçən 184 kilometrlik hissəsində aparılan təmir-bərpa, rekonstruksiya və genişləndirmə işləri artıq yekunlaşıb.

Qeyd edək ki, 2023-cü ilin mayın 16-dan Bakı-Tbilisi-Qars dəmir yolunun Gürcüstan hissəsi təmir-bərpa işləri ilə əlaqədar bağlanılıb. BTQ dəmir yolu xəttinin Gürcüstan hissəsinin mürəkkəb, dağlıq relyefə malik olması (bəzi yerlərdə işlər dəniz səviyyəsindən 2 400 metr hündürlükdə aparılırdı), bu bölgədə payız-qış aylarında hava şəraitinin qarlı-şaxtalı keçməsi (hətta temperaturun mənfi 30 dərəcəyədək düşməsi) təmir-bərpa işlərinin sürətlə aparılmasına mane olmayıb. Xatırladaq ki, sözügedən ərazidə payız-qış mövsümündə qarlı hava şəraiti səbəbindən avtomobil yolları bağlanır, dəmir yolu nəqliyyatı yeganə daşıma vasitəsi kimi regionun mərkəzlə əlaqəsində olduqca önəmli rol oynayır.

Dəmir yolunun Gürcüstan hissəsinin təmiri nəticəsində BTQ üzərindən yükdaşımaların həcmini ildə 5 milyon tona çatdırması, BTQ-ni Orta Dəhlizin ən cəlbedici hissəsindən birinə çevirməsi planlaşdırılır.

Ümumiyyətlə bu dəmir yolu xəttinin tikintisinə 2008-ci ildə başlanılıb və o, 2017-ci il oktyabrın 30-dan istismara verilib.

Dəmir yolu xətti Asiya və Avropanın dəmir yol şəbəkələrinin birləşdirilməsini təmin edir. Bu, təkcə 3 ölkə arasında deyil, həm də Asiya ilə Avropa arasında ən qısa yoldur. BTQ yüklərin daşınmasına sərf edilən vaxtı 2 dəfədən çox qısaltmağa imkan verir, Mərkəzi Asiya ölkələrinin – Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdırır.

Ümumi uzunluğu 846 kilometr olan xəttin 504 kilometrlik hissəsi Azərbaycan, 263 kilometrlik hissəsi Gürcüstan, 79 kilometrlik hissəsi isə Türkiyə ərazisindədir.

Son xəbərlər
Digər xəbərlər