26 C
Baku
Saturday, July 27, 2024

“Bakı-Tbilisi-Qars dəmir yolundan Türkmənistan, Çin, Qazaxıstan və Özbəkistan da istifadə edir”

Bakı-Tbilisi-Qars dəmir yolu həm Şərq, həm də Qərb ölkələri üçün vacib reallıqdır.

Bunu gürcüstanlı alim, sabiq iqtisadiyyat naziri, iqtisad elmləri doktoru Vladimer Papava deyib.

“Bu gün Rusiya Federasiyasının ərazisindən keçən və Şərqi Qərblə birləşdirən, Çindən başlayaraq Avropaya gedən nəqliyyat dəhlizləri bağlanıb. Bakı-Tbilisi-Qars isə həm Şərq, həm də Qərb ölkələri üçün vacib reallıqdır. Avropa ilə Asiyanı birləşdirən bu marşrut Gürcüstanın tranzit ölkə kimi potensialının artmasına kömək edir, regionda nəqliyyat və ticarət mərkəzinin yaradılması baxımından mühüm əhəmiyyət daşıyır. Bu baxımdan, regionun davamlı inkişafına müsbət təsir göstərmək üçün dəmir yolunun mümkün qədər yüklənməsinə ehtiyac var. Bu layihədə nə qədər çox ölkə iştirak etsə, onun həm Gürcüstanın, həm də bütövlükdə regionun təhlükəsizliyinə, eləcə də Şərqlə Qərb arasında tranzit dəhlizi kimi əhəmiyyətinin artmasına bir o qədər müsbət təsiri olacaq”, – V.Papava bildirib.

Onun fikrincə, Bakı-Tbilisi-Qars dəmir yolu marşrutu yüklərin daşınması üçün tələb olunan vaxtın azaldılmasında və buna görə də ölkə ərazisindən əlavə yük axınının təmin edilməsində müstəsna rol oynamalıdır.

“Bu cür layihələr, ilk növbədə, resursların və hazır məhsulların tədarükünü asanlaşdıracaq ki, bu da iqtisadi əməkdaşlığı daha da dərinləşdirəcək. Bakı-Tbilisi-Qars kimi beynəlxalq layihələr təkcə iqtisadi deyil, həm də geosiyasi əhəmiyyətə malikdir və regionda sabitliyə mühüm töhfə verir. Bu dəmir yolu xəttindən təkcə Türkiyə, Gürcüstan və Azərbaycan deyil, eyni zamanda Türkmənistan, Çin, Qazaxıstan və Özbəkistan da istifadə edir”, – deyə o əlavə edib.

Son xəbərlər
Digər xəbərlər