Mayın 28-dən etibarən həftənin 2-ci və 5-ci günləri Bakı Beynəlxalq Avtovağzal Kompleksindən Bakı-Tver-Bakı istiqaməti üzrə yeni reys fəaliyyətə başlayacaq.
Kompleksdən verilən məlumata görə, avtobus Bakıdan saat 13:00-da hərəkət edəcək. Səfər müddəti təxminən 36 saatdır. Avtobus digər istiqamətdən də həftənin 2-ci və 5-ci günləri saat 13:00-da yola düşür. Biletin bir istiqamət üzrə qiyməti 100 AZN təşkil edir. Avtobus Rostov, Voronej, Tula, Moskva şəhərlərindən keçəcək.
Bakı-Tver-Bakı reysinə biletləri “avtovagzal.az” saytına daxil olmaqla onlayn qaydada, həmçinin Bakı Beynəlxalq Avtovağzal Kompleksinin kassalarına yaxınlaşmaqla əldə etmək olar.
5 yaşınadək uşaqlar üçün gediş haqqı (oturacaq verilməmək şərti ilə) pulsuzdur. 5 yaşından 10 yaşınadək uşaqlar üçün isə biletin qiymətinin 50%-i ödənilir.
Sərnişinlərin istəyinə uyğun olaraq beş yaşınadək uşaqlar üçün də bileti yarı qiymətinə əldə etmək mümkündür.
Sərnişinlərin rahatlığı üçün müasir standartlara cavab verən geniş salonlu və rahat oturacaqlı avtobuslar fəaliyyət göstərəcək. Eyni zamanda, sərnişinlərin yol boyu çay və qəhvə ilə təmin olunması nəzərdə tutulub.