16 C
Baku
Friday, April 19, 2024

Bakı universitetlərində ən bahalı ixtisaslar – QİYMƏTLƏR

Xarici universitetlərlə müqayisədə tələbədən oxşar ödəniş alınır

Paytaxtdakı bəzi universitetlərdə təhsil haqları kifayət qədər yüksəkdir. Yerli universitetlərdə ən bahalı ixtisaslar hüquqşünaslıq, beynalxalq münasibətlər, iqtisadiyyat, maliyyə, biznesin idarə edilməsi və s., tibb sahəsi üzrə müalicə işi və əczaçılıq ixtisaslarıdır.

Müqaisə üçün “A-Level Education” şirkətinin rəhbəri Ayan Əliyevaya müraciət etdik. Ayan xanım öz növbəsində Belarus Dövlət Universitetlərində olan qiymətlərdən danışdı. Onun sözlərinə görə, Belarus Dövlət Universitetində hüquqşünaslıq ixtisası üzrə illik təhsil haqqı 3735 USD (6 350 manat), beynalxalq münasibətlər ixtisası üzrə isə 4250 USD (7225 manat) təşkil edir. Belarus Dövlət Tibb Universitetində isə müalicə işi ixtisası üzrə illik təhsil haqqi 4100 USD (7 000 manat) təşkil edir. 

Təbii ki, məbləğ baxımından elə də böyük fərq yoxdur, amma xarici təhsilin üstünlüklərini, ölkədə mövcud təhsil problemlərini, xüsusilə də qəbul imtahanlarının nə dərəcədə qəliz olmasını və s. məqamları nəzərə alsaq, öz ölkəsində bu ixtisaslara görə pul xərcləməkdən imtina edən və ölkədən kənarda ali təhsil almaq istəyən gəncləri başa düşmək heç də çətin deyil.  

Bakının ən bahalı universitetlərinin siyahısını təqdim edirik:

ADA Universiteti 

ADA Universiteti Azərbaycanda təhsil haqqının yüksəkliyinə görə birincidir. Burada yerli tələbələr üçün kompüter elmləri və informasiya texnologiyaları ixtisasları, beynəlxalq münasibətlər ixtisası üzrə təhsil haqqı 6000 AZN, hüquq, biznesin idarə edilməsi, iqtisadiyyat fakültələri üzrə təhsil haqqı isə 6500 AZN təşkil edir. Universitet bəzi tələbələrə ödənişsiz əsaslarla təhsil almaq hüququ da verir, amma bu tələbələr universitetə “tələbə xərci” kimi illik 750 manat ödəniş etməlidirlər. Xarici ölkə vətəndaşları üçün isə bütün fakültələr üzrə qiymətlər standart – 8500 manat təşkil edir. 

Xəzər Universiteti

Azərbaycanın ilk özəl universitetlərdən biri sayılan Xəzər Universiteti 1991-ci ildə yaradılıb. Universitetdə 2019/2020-ci il üçün nəzərdə tutulan ödəniş haqları fakültələrə görə dəyişir. Burada kompüter elmləri, kompüter mühəndisliyi, mühasibat uçotu və audit, maliyyə, turizm və hotelçilik ixtisasları 5000 AZN, mühəndislik, regionşünaslıq, beynəlxalq münasibətlər, biznesin idarə edilməsi ixtisasları 4500 AZN, pedaqoji, tərcümə, dizayn ixtisaslarının ödənişi isə 4000 AZN-dir.

Bakı Dövlət Universiteti (BDU)

Azərbaycanın ən qədim universiteti olan BDU 1919-cu ildə təsis edilib. Bakı Dövlət Universitetində ən bahalı ixtisas hüquqşunaslıqdır – burada təhsil 4500 manata başa gəlir. BDU-da ödənişli əsaslarla təhsil alanlar beynəlxalq münasibətlər ixtisası üçün 2900 AZN,  iqtisadiyyat, menecment, davamlı inkişafın idarə edilməsi ixtisasları üçün 2500 AZN, dövlət və ictimai münasibətlər ixtisası üçün isə illik 2800 AZN ödəməlidirlər.

Azərbaycan Tibb Universiteti (ATU)

Azərbaycan Tibb Universiteti ölkədə fəaliyyət göstərən yeganə ali tibbi təhsil ocağıdır. 1991-ci ildə universitet adını alan ATU təkcə ödəniş qiymətlərinə görə yox, həm də qəbul ballarının yüksək olmasına görə fərqlənir. Burada müalicə işi, əczaçılıq ixtisasları üzrə təhsil almaq istəyənlər dövlət imtahanında ən azı 650 bal toplamalıdırlar. Ödənişlərə gəlincə isə, təhsil ocağında müalicə işi fakültəsi 4500 AZN, əczaçılıq, stomatologiya, tibbi profilaktika ixtisasları üzrə təhsil isə illik 4000 manat təşkil edir.

Bakı Ali Neft Məktəbi (BANM)

Bakıda son illə məşhurlaşan özəl universitetlərdən biri də şübhəsiz ki, Bakı Ali Neft Məktəbidir. Yüksək səviyyəli təhsili ilə seçilən universitetdə tələbələrin sosial fəaliyyəti və yataqxana şəraitinə də xüsusi diqqət göstərilir. BANM-da təhsil almaq istəyənlər informasiya təhlükəsizliyi, proseslərin avtomatlaşdırılması mühəndisliyi və neft-qaz mühəndisliyi ixtisasları üzrə illik 4500 manat ödəməlidirlər. Bu ixtisasların tədrisi ingilis dilində keçirilir.

Azərbaycan Universiteti

Azərbaycan Universiteti ölkədə yaradılan ilk özəl ali təhsil ocağıdır. Universitetin tərcümə ixtisasından məzun olmaq istəyənlər illik 3000 AZN, filologiya, tarix, sosial iş, regionşünaslıq, turizm və hotelçilik, mühasibat uçotu və audit, maliyyə, iqtisadiyyat, menecment, marketinq, biznesin idarə edilməsi, kompüter mühəndisliyi, istehlak mallarının ekspertizası və marketinqi, eləcə də kommersiya ixtisaslarını seçənlər 2000-2500 AZN ödəməlidirlər.

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyası

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyası da nüfuzlu dövlət universitetlərindən biri sayılır. Təhsil ocağında hüquqşünaslıq (3000 AZN), informasiya təhlükəsizliyi və iqtisadiyyat (2000 AZN) ixtisasları ödənişlidir. Akademiyanın ixtisaslarını ərizələrində imtahan verəcəyi xarici dil kimi yalnız ingilis dilini qeyd etmiş abituriyentlər seçə bilər. 

Azərbaycan Turizm və Menecment Universiteti

Azərbaycan Turizm və Menecment Universiteti ali təhsilin bütün pillələrində turizm və menecment sahələri üzrə kadr hazırlığı həyata keçirir. Bu ali məktəbdə turizm və hotelçilik ixtisası üzrə illik təhsil haqqı 3000 AZN, tərcümə ixtisası 2600, maliyyə, biznesin idarə edilməsi isə 2400 AZN təşkil edir.

Bakı Mühəndislik Universiteti

Ali təhsilin bütün səviyyələri üzrə mühəndis kadrlarının hazırlığını həyata keçirən bu universitetdə maliyyə, mühasibat uçotu və audit ixtisasları üzrə təhsil 2900 AZN, iqtisadiyyat, biznesin idarə edilməsi ixtisasları üzrə 2800 AZN, memarlıq ixtisası üzrə təhsil isə 2700 manata başa gəlir.

Azərbaycan Respublikası Dövlət İdarəçilik Akademiyası

Azərbaycan Respublikası Dövlət İdarəçilik Akademiyası dövlət idarəçiliyi üçün yüksək səviyyəli mütəxəssislər hazırlayır. Dövlət idarəçiliyi sahəsində elmi-tədqiqatların aparılmasının təşkili və həmin sahənin analitik-informasiya təminatının möhkəmləndirilməsi məqsədilə fəaliyyət göstərən bu akademiyada iqtisadiyyat, kompüter elmləri, davamlı biznesin idarə edilməsi, dövlət və bələdiyyə idarəetməsi, beynəlxalq münasibətlər, menecment, politologiya, hüquqşünaslıq, dövlət və ictimai münasibətlər ixtisasları üzrə ödənişli təhsil 2500 AZN-dir.

Qeyd olunan qiymətlər Dövlət İmtahan Mərkəzi tərəfindən dərc edilən “Abituriyent №4 2019” jurnalına əsasən tərtib edilib.



©Bakucity.az

Son xəbərlər
Digər xəbərlər