Azərbaycan və Türkiyə rəsmiləri qonşu ölkənin paytaxtı Ankaradan Qars şəhərinə hərəkət edən “Şərq Ekspess” sərnişin qatarının marşrutunun Bakıya qədər uzadılmasını müzakirə ediblər.
Bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu məlumat verib.
Onun sözlərinə görə, bu imkan yaxın illərdə yaradıla bilər.
Nazir deyib ki, ötən gün Tbilisidə keçirilmiş, Azərbaycan, Türkiyə və Gürcüstanın nəqliyyat sahəsi üzrə məsul şəxslərinin üçtərəfli görüşündə yükdaşıma ilə yanaşı sərnişindaşıma imkanları qiymətləndirilib: “Hər zaman yükdaşıma ilə bağlı məsələri müzakirə edirik. Qarşıdakı illərdə infrastruktur hazır olanda sərnişin daşınması niyə həyata keçirilməsin?!”
Türkiyə, Gürcüstan və Azərbaycanın dost və qardaş ölkələr olduğuna bildirən nazir nəqliyyat dəhlizlərinin daha da inkişaf etdirilməsi üçün danışıqları davam etdirdiklərini qeyd edib: “Nəqliyyat dəhlizləri nə qədər güclü olarsa, həm sosial, həm də iqtisadi müstəvidə əməkdaşlığımız bir o qədər möhkəmlənəcək. Hazırda Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti və Mərmərə xətti layihələri həyata keçirilir. Çindən Böyük Britaniyaya qədər qatarlarımız fəaliyyətə başlayıb. Bundan sonra bu potensialı daha da artırmaq üçün nələr edilə biləcəyini müzakirə edirik” .
Nazir Rusiya-Ukrayna müharibəsi nəticəsində nəqliyyatda yaranmış çətinliklərə görə region ölkələrinin infrastrukturlarını daha da inkişaf etdirməsinin vacibliyini vurğulayıb.
Xatırladaq ki, BTQ dəmir yolu xətti 2017-ci ilin oktyabrın 30-u tarixində açılıb. Belə ki, BTQ Asiya və Avropanın dəmir yol şəbəkələrinin birləşdirilməsini təmin edir. Bu, təkcə 3 ölkə arasında deyil, həm də Asiya ilə Avropa arasında ən qısa yoldur. BTQ yüklərin daşınmasına sərf edilən vaxtı 2 dəfədən çox qısaltmağa imkan verir. BTQ dəmir yolu Mərkəzi Asiya ölkələrinin – Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdırır. Ümumi uzunluğu 846 kilometr olan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin 504 kilometrlik hissəsi Azərbaycanın ərazisinə düşür. Dəmir yolu xəttinin 263 kilometri Gürcüstandan keçir. Yolun 79 kilometri isə Türkiyə ərazisindədir. Bu yol vasitəsilə birinci mərhələdə 5 milyon ton, ondan sonrakı mərhələdə 17 milyon ton, ondan sonra isə daha böyük həcmdə yüklərin daşınması nəzərdə tutulur.