Azərbaycan və Ermənistan delimitasiya komissiyalarının iclaslarını sərhədin müxtəlif hissələrində keçirəcək.
Bu barədə “Sputnik-Armeniya”nın sorğusuna cavab olaraq Ermənistan baş nazirinin müavini Mher Qriqoryanın ofisindən məlumat verilib.
“Tərəflərin qarşılıqlı razılığına əsasən görüşlərin hər dəfə dövlət sərhədinin müxtəlif hissələrində keçirilməsi qərara alınıb”, – məlumatda deyilir.
Xatırladaq ki, Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin ermənistanlı həmkarı Mher Qriqoryan ilə iyulun 12-də baş tutmuş dördüncü görüşü zamanı bir sıra təşkilati və prosessual məsələlər müzakirə olunub.
Tərəflər növbəti görüşün təşkili üçün məkan kimi Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin müxtəlif hissələrini təklif ediblər. Nəticədə görüşün Ermənistanın Tavuş bölgəsi və Azərbaycanın Qazax rayonu ərazisində keçirilməsi barədə razılıq əldə olunub.