Bakıda avtomobil yollarında hərəkətin təhlükəsizliyini və vətəndaşların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək məqsədi ilə yeni 6 yerüstü piyada keçidi layihələndirilir.
Bu barədə Trend-ə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilir. Bildirilib ki, keçidlər avtonəqliyyat vasitələrinin və piyadaların intensiv hərəkət etdiyi ərazilərdə inşa ediləcək.
Sözügedən piyada keçidləri bu ünvanlarda olacaq:
1. M-2 Bakı-Ələt avtomobil yolunun 49-cu kilometrliyində (Qaradağ rayonu, Qobustan qəsəbəsi, Yol evi yaşayış massivi).
2. Bakı şəhəri, Ziya Bünyadov prospektində Azərbaycan Respublikası Təhsil Nazirliyinin 9 saylı Bakı Peşə Liseyinin yanı.
3. Bakı şəhəri, Babək prospekti ilə Yusif Səfərov küçəsinin kəsişməsində.
4. Zığ yolunda (Zığ dairəsinin yaxınlığı)
5. Nobel prospektində, “Ağ şəhər” layihəsi çərçivəsində.
6. M-2 Bakı-Ələt yolunun 61-ci kilometrində.
Qeyd edək ki, avtomobil yollarında hərəkətin təhlükəsizliyini və vətəndaşların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən kompleks tədbirlər, o cümlədən yerüstü və yeraltı piyada keçidlərinin tikintisi işləri həyata keçirilir.
Bu çərçivədə 2018-2019-cu illərdə Bakı şəhəri və şəhərətrafı yollarda, həmçinin magistrallarda 7 yerüstü və yeraltı piyada keçdiləri inşa edilərək istifadəyə verilib. Hazırda 10 ərazidə yerüstü və yeraltı piyada keçdilərinin inşası aparılır ki, bunlardan bir neçəsində işlər bitmək üzrədir. Qısa müddət ərzində qeyd olunan 6 yerdə yeni keçidlərin inşasına başlanılması nəzərdə tutulub.
©Trend