Bakıda şəhərin mərkəzi ərazilərində avtomobil yollarında sürət həddinin 2027-ci ilədək 50 km/saat, 2040-cı ilədək 30 km/saat müəyyən edilməsi nəzərdə tutulub.
Banker.az bildirir ki, bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapıb.
Beləliklə, plan aşağıdakı kimidir:
Gələcək inkişaf – 2027-ci il
• Şəhərin mərkəzi ərazilərində avtomobil yollarında sürət həddinin normallaşdırılması, ayrıca əsaslandırmalarla sürət həddinin 50 km/saat müəyyən edilməsi.
• Piyada zonasının genişləndirilməsi.
• İçərişəhərə bitişik ərazilərdə və piyada zonasında piyada hərəkətliliyi üçün imkanlarının genişləndirilməsi:
– avtomobil nəqliyyatından azad sakit küçənin yaradılması ilə piyada zonasının İçərişəhər ərazisi ilə birləşdirilməsi;
– İçərişəhərə yaxın ərazilərin (şərq) avtomobil nəqliyyatından azad sakit ərazilərə çevrilməsi;
– yaxınlıqdakı yolların avtomobil nəqliyyatından azad sakit küçələr kimi inkişaf etdirilməsi ilə “Dağüstü park” (funikulyor ətrafı ərazi daxil olmaqla) ərazisinin İçərişəhər ilə əlaqələndirilməsi;
– İçərişəhərə bitişik ərazilərdən Nəriman Nərimanov prospektinə qədər yollarda sürət həddinin normallaşdırılması, ayrıca əsaslandırmalarla sürət həddinin 30 km/saat müəyyən edilməsi.
• Magistral küçələrdə sistem təkmilləşdirmələrinin nəzərdə tutulması.
Gələcək inkişaf – 2040-cı il
• Bakının Mərkəzi Planlaşdırma Rayonunun digər hissələrində piyadalar üçün imkanlarının genişləndirilməsi:
– şimaldakı dar küçələrin avtomobil nəqliyyatından azad sakit ərazilərə çevrilməsi;
– magistral küçələr kimi təsnif olunmayan, giriş-çıxış üçün üstünlük verilən və ya avtomobil nəqliyyatından azad sakit ərazilər ətrafında sərhədləyici rol oynayan və ya magistral küçələr arasında ayrıcı rolu oynayan küçələrdə sürət həddinin normallaşdırılması, ayrıca əsaslandırmalarla sürət həddinin 30 km/saat müəyyən edilməsi;
– magistral küçələrin digər hissələrində sistem təkmilləşdirmələrinin nəzərdə tutulması.
• Mövcud yerüstü və yeraltı piyada keçidlərində yenidənqurma işlərinin aparılması ilə müyəssərliyin təmin edilməsi (eskalatorların quraşdırılması və s.).