13 C
Baku
Saturday, November 16, 2024

Bakıda Azərbaycan-Çexiya biznes forumu keçirilib

Azərbaycan prezidenti İlham Əliyev və Çexiya prezidenti Miloş Zeman forumda iştirak ediblər

Bu gün Bakıda Azərbaycan-Çexiya biznes forumu keçirilib.

Azərbaycan prezidenti İlham Əliyev və Çexiya prezidenti Miloş Zeman forumda iştirak ediblər.

Forumda çıxış edən prezident İlham Əliyev indiyə qədər iş adamları arasında keçirilən görüşlərin əlaqələrin möhkəmlənməsinə xidmət etdiyini bildirib. İkitərəfli münasibətlərin strateji xarakter daşıdığını deyən dövlət başçısı prezident M. Zemanın səfəri çərçivəsində ölkələrimiz arasında strateji tərəfdaşlığa dair imzalanan birgə Bəyannamənin əhəmiyyətini vurğulayıb.

Azərbaycan-Çexiya iqtisadi əməkdaşlığının daha da inkişaf etdirilməsinin vacib olduğunu deyən prezident İlham Əliyev biznes dairələri arasında əlaqələrin yaxşı koordinasiya olunmasının vacibliyinə toxunub. Dövlət başçısı səfər çərçivəsində Çexiya banklarının ölkəmizdəki layihələrdə iştirakının müzakirə olunduğunu, Azərbaycanın maliyyə tərəfdaşı kimi öhdəliklərini uğurla yerinə yetirdiyini, gələcək illərdə əməkdaşlığın yeni sahələrinin müəyyənləşdirilməsinə ehtiyacın olduğunu diqqətə çatdırıb.

Prezident İlham Əliyev əməkdaşlıq baxımından nəqliyyat sektorunun verdiyi imkanlardan da danışıb. Bu baxımdan Bakı-Tiflis-Qars dəmiryolu layihəsinin və Bakı Beynəlxalq Dəniz Ticarət Limanının əhəmiyyətini vurğulayıb. Azərbaycan neftin Çexiyaya etibarlı ixracatçısı olduğunu deyən prezident İlham Əliyev Avropanın qaz bazarında ciddi iştirakçıya çevrilən ölkəmizin “Cənub qaz dəhliz”i layihəsinin reallaşmasındakı rolundan danışıb. Dövlət başçısı bu layihənin ölkəmizə təchizat marşrutlarının şaxələndirilməsinə imkan yaradacağını deyib.

Ölkəmizdəki sərmayə mühitindən danışarkən prezident İlham Əliyev bildirib ki, ötən il Azərbaycana 27 milyard dollar sərmayə yatırılıb və bu sırada xarici investisiyalar xüsusi çəkiyə malikdir. Bu da onu göstərir ki, dünyada iqtisadi böhranın davam etməsinə baxmayaraq, Azərbaycanda müsbət sərmayə mühiti hökm sürür. Bunu təsdiqləyən əsas amillərdən biri də bu ilin 8 ayında Azərbaycan iqtisadiyyatının 4 faizdən çox artması, qeyri-neft sektorunun inkişaf etməsi, xarici borcumuzun 10 faizdən aşağı olmasıdır. Azərbaycan iqtisadiyyatının dünyada 40 ən qabaqcıl iqtisadiyyatlardan biri olduğunu deyən dövlət başçısı kənd təsərrüfatı sahəsində də əməkdaşlıq üçün geniş şəraitin olduğunu deyib və birgə müəssisələrin yaradılması imkanlarının nəzərdən keçirilməsinin mümkünlüyündən danışıb.

Prezident İlham Əliyev çıxışının sonunda əmin olduğunu bildirib ki, bu forum əməkdaşlığını yeni sahələrinin müəyyən edilməsinə geniş şərait yaradacaq.

M. Zeman isə ölkələrimiz arasında müəyyən oxşarlıqların olduğunu və bu bənzərliyin iqtisadi sahədə də özünü göstərdiyini deyib. Belə ki, Azərbaycan kimi Çexiya da Avropa məkanında işsizliyin və xarici borcun aşağı həddə olması ilə fərqlənir. Ölkəsinin idxal etdiyi neftin 30 faizdən çoxunun Azərbaycandan gəldiyini deyən M. Zeman Çexiyada 200-dən çox azərbaycanlı tələbənin təhsil aldığını bildirib, bu sahədə əlaqələrin genişləndirilməsinin mümkünlüyünə toxunub. M. Zeman ölkələrimiz arasında sıx əməkdaşlığın qurulduğunu deyərək bu naliyyətin biznes dairələrini də əhatə etməsinin vacibliyinə diqqət çəkib və əmin olduğunu bildirib ki, yaradılan imkanlardan hər iki tərəf faydalanacaq.

APA

Son xəbərlər
Digər xəbərlər