Toplantı Azərbaycan Sığortaçılar və Aktuarlar assosiasiyalarının təşkilatçılığı ilə keçirilir
Bu gün Bakıda Beynəlxalq Aktuarlar Assosiasiyasının Avrasiya və Yaxın Şərq üzrə Komitəsinin toplantısı işə başlayıb. Toplantıda 20-yə yaxın ölkədən 40-dan çox beynəlxalq dərəcəli aktuar, həmçinin yerli sığorta sistemində çalışan 50-dən çox aktuar iştirak edir.
Tədbirdə həmçinin Azərbaycan Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti (DSNX), Dövlət Sosial Müdafiə Fondu, eləcə də Beynəlxalq Aktuarlar Assosiasiyasının Komitə rəhbərləri və qonşu ölkərin aktuarlar assosiasiyalarının yüksək struktur nümayəndələri iştirak edirlər.
İki gün davam edəcək toplantı çərçivəsində iştirakçılar üçün seminarlar da təşkil olunacaq. Seminarlarda ekspertlər tərəfindən iştirakçılara aktuar peşəkarlığı, tibbi sığortada maliyyələşdirmə, dəyişən mühitdə strateji aktivlərin yerləşdirilməsi və idarə edilməsi, ödəmə qabiliyyəti, təqaüd sistemlərinin maliyyə sabitliyi, beynəlxalq təcrübədə sığorta ehtiyatlarının hesablanması və qeyri-həyat sığortasında yaradılan sığorta ehtiyatlarında təkrarsığortaçıların payı, Beynəlxalq Aktuarlar Assosiasiyasının prinsiplərinin yerli qanunvericiliyə implementasiyası mövzularında seminarlar təşkil olunacaq.
Qeyd edək ki, toplantı Beynəlxalq Aktuarlar Assosiasiyasının təşəbbüsü, Azərbaycan Maliyyə Nazirliyinin dəstəyi, Azərbaycan Sığortaçılar və Aktuarlar assosiasiyalarının təşkilatçılığı ilə keçirilir.
Report