6 C
Baku
Wednesday, February 25, 2026

Bakıda bu işıqforlar süni intellektlə işləyir

“Paytaxtda nəqliyyatın hərəkətinin optimallaşdırılması məqsədilə yeni pilot layihə icra olunur. Söhbət Binəqədi rayonu ərazisində – Cəfər Xəndan küçəsi ilə Azadlıq prospektinin, eləcə də Azadlıq prospekti ilə Məsud Davudoğlu küçəsinin kəsişməsindən gedir”.

Bunu Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) mətbuat katibi Ömər Xıdırov bildirib.

Onun sözlərin görə, 115 nömrəli tam orta məktəbin qarşısında yerləşən piyada keçidi də daxil olmaqla ümumilikdə 8 kəsişmədə “ağıllı işıqfor” sistemi sınaq rejimində işə salınıb:

“Layihə Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi tərəfindən xarici mütəxəssislərlə birgə həyata keçirilir və bu texnologiya ilk dəfə olaraq həmin ərazidə tətbiq olunur.

Ağıllı işıqforların əsas üstünlüyü onların süni intellekt əsaslı idarəetmə mexanizminə malik olmasıdır. Ənənəvi işıqforlardan fərqli olaraq, bu sistem sabit vaxt intervalı ilə deyil, real vaxt rejimində işləyir. Yolun hərəkət hissəsinə quraşdırılmış sensorlar, işıqfor dirəklərində yerləşdirilən kameralar və bəzi hallarda radarlar vasitəsilə nəqliyyat axınının intensivliyi ölçülür. Toplanan məlumatlar idarəetmə proqramına ötürülür və sistem hansı istiqamətdə yaşıl işığın müddətinin artırılıb-azaldılmasına özü qərar verir.

Məsələn, hər hansı kəsişmədə qəza baş verərsə və ya süni sıxlıq yaranarsa, sistem həmin istiqamətdə yaşıl işığın yanma müddətini avtomatik uzadır. Bununla da nəqliyyatın buraxılış qabiliyyəti artırılır və sıxlığın aradan qaldırılmasına çalışılır.

Eyni zamanda, əgər kəsişmədə nəqliyyat axını zəifdirsə və ya yol faktiki olaraq boşdursa, ağıllı işıqforlar bunu dərhal müəyyən edir. Belə hallarda əsas istiqamət üzrə yaşıl işıq daha uzun müddət aktiv qalır, lazımsız gözləmə vaxtı minimuma endirilir. Bu xüsusilə gecə saatlarında sürücülərin tez-tez şikayət etdiyi “boş yolda uzun qırmızı işıq” problemini aradan qaldırmağa kömək edir.

Bununla yanaşı, təhlükəsizlik amili prioritet olaraq qalır. Sistem kəsişmələrdə həm nəqliyyat vasitələrinin, həm də piyadaların təhlükəsizliyini təmin edəcək şəkildə proqramlaşdırılıb”.

MənbəBAKU.WS
Son xəbərlər
Digər xəbərlər