9 C
Baku
Thursday, December 12, 2024

Bakıda daşınmaz əmlak ucuzlaşmağa başladı

Neftin dəyərdən düşməsinin təsiri ilk növbədə mənzil bazarında hiss olunur

«Qara qızıl» ucuzlaşırsa, Azərbaycanda hansı sənaye mallarının qiyməti aşağı düşməlidir?

Son aylar neftin qiymətində müşahidə edilən kəskin ucuzlaşma neft ölkələrini ciddi narahat etməyə başlayıb. “Qara qızıl”ın barelinin dəyərinin aşağı düşməsi Azərbaycan da daxil olmaqla, neft ölkələrində gəlirlərin, iqtisadi inkişaf tempinin azalmasına gətirib çıxarır. Lakin neftin ucuzlaşmasının Azərbaycan kimi idxaldan asılı neft dövlətləri üçün müsbət tərəfləri də var. Çünki sənaye sektorunda istehsal olunan məhsulların maya dəyəri aşağı düşür və nəticədə istehlak olunan əksər məhsullar ucuzlaşır. Belə olan halda, Azərbaycanda hansı sahədə ucuzlaşma baş verə bilər?

2008-ci ilin qlobal maliyyə böhranı göstərdi ki, neftin satış qiymətinin aşağı düşməsi ilk olaraq daşınmaz əmlak bazarına təsir göstərdi. Sanki bu məhsulla daşınmaz əmlakın satış qiymətləri arasında bir asılılıq mövcuddur. “MBA” Konsaltinq Şirkətinin rəhbəri Nüsrət İbrahimli bildirib ki, dünya bazarlarında 1988, 1998 və 2008-ci illərdə neft birjalarında müşahidə edilən qiymət böhranı özünü digər sahələrlə müqayisədə daha çox daşınmaz əmlakın qiymətlərində büruzə verib: “Hətta 1999-2000-ci illərdə Azərbaycanın neft istehsalı aşağı səviyyədə idi, amma yenə də dünya birjalarında neftin qiymətində baş verən tənəzzül Bakı şəhərində daşınmaz əmlakın qiymətlərini 2 dəfəyə yaxın endirdi”.

N.İbrahimlinin sözlərinə görə, daşınmaz əmlakın ucuzlaşması üçün artıq şərait yaranıb və proses, yəqin ki, qaçılmaz olacaq: “Amma nə qədər ucuzlaşacağını proqnozlaşdırmaq çətindir. Bazarda artıq aktivlik aşağı düşüb və qiymətlər də azalmağa meyllidir. Neftin qiyməti qarşıdakı 4-5 ayda da ucuzlaşmaqda davam edəcəksə, bu, özünü mənzillərin dəyərində də göstərəcək. Əsasən, dünya bazarında neftin qiyməti aşağı düşəndə, bu prosesin daşınmaz əmlaka təsirləri 5-6 ay gecikməklə baş verib. Bu baxımdan “qara qızıl”ın dəyəri dünya bazarında 2-3 aydır ki, aşağı düşməyə başlayıb. Deməli, bu amilin mənzillərin ucuzlaşmasına təsiri ilin sonunda özünü göstərəcək. Yəni neftin barelin qiyməti ilə daşınmaz əmlak arasında qiymət dəyişməsi zaman baxımından 6-8 ay çəkir. Bu, tək ucuzlaşmaya deyil, bahalaşmaya da aiddir”.

Sual oluna bilər ki, neftin qiymətinin dəyişməsinin daşınmaz əmlak bazarına nə aidiyyəti? N.İbrahimli deyir ki, birbaşa təsirləri var: “Daşınmaz əmlak asan pulu sevir. Yəni əmlakın alınmasında, xüsusilə bahalı əmlakın satılmasında asan pulların xüsusi rolu var. Asan pul dedikdə, söhbət neftin pullarının kimin əlinə rahat şəkildə düşməsindən gedir. Həmin şəxslər pulun böyük hissəsini daşınmaz əmlaka, tikintiyə yönəldir. Neftdən əldə olunan gəlirlər də asan pul sayıldığından həmin vəsaitin əksər hissəsi bu bazara yönəldilir və burada qiymət təzyiqi yaradır.

İkincisi, neft pulları o ölkələrə axır ki, orada həmin vəsait bir əldə cəmlənir. Həmin pul da daşınmaz əmlak bazarında yayılır. “Qara qızıl”ın qiyməti aşağı düşən kimi, neft ölkələrinin büdcə xərclərində ixtisarlar aparırlar. Ona görə də bazarda pul kütləsi azalır və qiymətlər aşağı düşməyə başlayır. Dediyim ikinci faktor dolayı təsir aləti sayılır”.

Ekspert hesab edir ki, hazırda neftin ucuzlaşmasının tikinti sektoruna əhəmiyyətli təsiri hiss edilmir: “Amma aktivlikdə azalmalar var. Yəni ipoteka kreditlərinin sayında, bazarda pul kütləsinin həcmində azalmalar var. Bunlar banklar vasitəsilə birbaşa azalmalardır. Amma digər azalmalar mərkəzləşdirilmiş layihələrin maliyyələşdirilməsində ola bilər. Bunlar dövlət büdcəsindən, müxtəlif fondlardan edilən ayırmalardır. Əgər bu investisiya layihələrinin maliyyələşdirilməsi məhdudlaşdırılsa, o zaman tikinti sektorunda 2008-2009-cu illərdə olduğu kimi iflic vəziyyət yaranacaq. Dövlət investisiyaları hesabına reallaşan layihələrə ayrılan vəsait dolayısı yolla daşınmaz əmlak bazarında sabitliyi saxlayır. Hələ ki, bu stabillik davam edir. Əgər o layihələr dayandırılsa, daşınmaz əmlak bazarı iflic olacaq”.

İstehlak mallarına gəlincə, Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov neftin ucuzlaşmasının bu sahəyə təsir göstərməyəcəyini düşünür: “Azərbaycanda qalxan qiymətlər heç vaxt aşağı düşmür. Neftin ucuzlaşması dünya ölkələrində sənaye məhsullarının ucuzlaşmasına gətirib çıxarsa da, Azərbaycanda heç bir istehlak məhsullarında qiymət enmələri gözlənilmir. Dünya bazarında mal və xidmətlərin qiyməti qalxanda, ölkəmizdə də bahalaşır. Amma ucuzlaşması təsir göstərmir. Bu onu göstərir ki, Azərbaycan bazarı dünya bazarına effektli inteqrasiya olunmayıb. Bizim bazarın demək olar ki, bütün seqmentləri inhisarçı qurumların əlindədir. Ölkə prezidenti 16 mart 2014-cü ildə imzaladığı “Ərzaq və kənd məhsullarının bazarının təkmilləşdirilməsinə dair Əlavə Tədbirlər haqqında” Sərəncamda bu məsələni gündəmə gətirib. Azərbaycan bazarında “karter” sövdələşmələri var. Prezident bunun qarşısının alınması üçün tədbirlərin görülməsini tapşırıb. Mən şahidi olmamışam ki, dünya bazarında qiymətlər ucuzlaşanda bizdə də istehlak məhsulları aşağı düşsün. Bəlkə tələbat kəskin azalandan sonra təklifin qiymətində enmələr olsun”.

Yeri gəlmişkən, artıq dünyada neft məhsullarının qiyməti 2-5 faiz ucuzlaşıb. Konkret olaraq benzinin dəyərinin 4 faiz aşağı düşməsini misal kimi göstərmək olar.

Azərbaycanda isə bu ucuzlaşma idxal olunan Aİ-95 benzinində müşahidə edilir. Aşağı oktanlı yanacaqların tarifləri isə sabit olaraq qalır.

BizimYol

Son xəbərlər
Digər xəbərlər