30 C
Baku
Friday, July 19, 2024

Bakıda keçiriləcək “Formula 1” yarışları kirayə bazarına necə təsir edib?

Bakıda keçiriləcək “Formula 1” üzrə Azərbaycan Qran Prisi paytaxtın kirayə bazarında canlanma yaradıb. Avtomobillərin hərəkət edəcəyi əsas marşrutun keçdiyi yolların kənarında kirayə mənzillərə ehtiyac xüsusilə hiss edilir. Mərkəzdə bəzi mənzillər var ki, onların eyvanından birbaşa “Formula 1” yarışını izləmək mümkündür.

Həmin mənzillərin günlük icarə qiymətləri iki dəfə artıb.

Bu barədə əmlak üzrə ekspert Ramil Qasımzadə deyib.

Onun sözlərinə görə, ənənəvi olaraq “Formula 1” günlərində Bakıda evlərin günlük icarə qiyməti artır:

“Xüsusilə də mərkəzdə olan evlərin kirayə qiymətləri. Normalda həmin evlərin günlük icarə qiyməti 100-150 manat olurdusa, yarış günləri 250-350 manatadək artacaq. Bu qiymət mənzillərin yerləşməsindən asılı olaraq dəyişir. Əsasən Neftçilər prospektində olan eyvanlı mənzillərin icarə qiymətləri kəskin artır. Lakin İstiqlaliyyət küçəsində olan mənzillərin də kirayə qiymətlərinə təsir edəcək. Amma bu müvəqqəti artım olacaq. Yarışdan sonra həmin mənzillərin gündəlik kirayə qiymətləri 50-150 manat civarında olacaq”.

Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri, eyni zamanda Azərbaycan Ekoturizm Assosiasiyasının İcraçı direktoru Samir Dübəndi bildirib ki, “Formula 1” dünyanın ən bahalı idman növü olduğu üçün daha çox rifahı yüksək olan insanlar bu yarışları izləməyə gəlirlər:

“İl ərzində müxtəlif ölkələrdə bir sıra yarışlar keçirilir. Elə insanlar var ki, “Formula 1” yarışlarının hər birini izləmək üçün ölkə-ölkə gəzirlər. Onlar getdikləri ölkələrdə daha çox 5 ulduzlu və yüksək kateqoriyalara aid olan mehmanxanalarda qalırlar. Bu gün Bakının mərkəzində olan iri, 5 ulduzlu, brend hotellərdə yarışın keçiriləcəyi tarix üçün məhdud yerlər qalıb, satışlar çox yüksəkdir. Azərbaycana gələn turistlərin çoxu həm ziyarət, həm ticarət fikri ilə gəlirlər. Yəni, öz səfərlərini “Formula 1” yarışının keçiriləcəyi zamana salırlar. Bu tip qonaqlarımız da var”.

S.Dübəndi hazırda Bakının mərkəzində yerləşən kiçik hotellərin 60-70 %-nin dolu olduğunu vurğulayıb:

“Bu cari mövsüm üçün yaxşı göstəricidir. “Formula 1” yarışlarının statistikasına baxdıqda, 600 milyondan artıq televiziya izləyicisinin olduğunu görürük. Bu göstəricilərdən hansı auditoriyanı əhatə etdiyimizi anlamaq olar. Azərbaycan haqqında xüsusi ilə də Bakı haqqında, onun turizm və infrastrukturu haqqında ümumilikdə ölkə haqqında məlumatların yayılması bizim üçün daha da populyarlaşmağımız, Azərbaycanı xarici ölkələrdə tanıyan insanların coğrafiyasının genişlənməsi, məlumatlarının artması üçün xüsusi bir önəm daşıyır. Düşünürəm ki, bu yarışın ölkə üçün faydası çoxdur. “Formula 1” keçiriləndən Azərbaycana turizm axını daha da artmağa başlayıb. Yarış dövründə Azərbaycana səfər edən turistlər təbii ki, 2-3 günlük gəlmirlər, ümumilikdə səfərləri 7-10 günü əhatə edir”.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) “Report”a verilən məlumata görə, “Formula 1” üzrə dünya çempionatının Azərbaycan Qran Prisində 3 rekord qeydə alınıb:

“Gözlənilməzə hazır ol” şüarı altında keçiriləcək mövsümün dördüncü mərhələsi ərəfəsində Azərbaycan Qran Prisi bilet satışında əvvəlki altı ildən yüksək göstərici ilə yadda qalıb. Digər rekord ilk dəfə 100-dən çox fərqli ölkədən olan azarkeşlərin Azərbaycana səfər etməsidir. Bakıdakı yarışda indiyə qədər belə göstərici olmayıb.

Son altı illə müqayisədə ilk dəfə Azərbaycana Qran Prisini izləməyə gələn əcnəbi azarkeşlərin sayı da rekord həddə çatıb”.

BŞH-dən bildirilib ki, Sahil, Abşeron “B” sektoru, Filarmoniya tribunalarından sonra Muğam və Bulvar tribunalarına olan biletlər də tamamilə satılıb: “Beləliklə, adıçəkilən tribunalara yerlərin satılması ilə biletlərin 90 %-i sahibini tapıb. Artıq sadəcə son tribunalarda az sayda yerlər qalıb”.

Qeyd edək ki, “Formula 1” üzrə Azərbaycan Qran Prisi aprelin 28-30-u tarixlərində keçiriləcək.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər