Azərbaycanda, xüsusilə də paytaxt Bakıda mənzillərin qiymətlərinin bundan sonra kəskin artması gözlənilmir.
Banker.az xəbər verir ki, bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) yeni təyin olunmuş sədri Vüqar Oruc bildirib.
“Son dövrlər, xüsusilə apreldən sonra qiymətlərdə stabillik yaranıb. Adətən bahalaşma İpoteka və Kredit Zəmanət Fondunun növbəti kredit limitini ayırması ərəfəsində olur. Mənzillərin qiymət artımı başqa bir neçə məsələdən də asılıdır. Birincisi artımın gözlə görülən hissəsidir. Bir ölkənin valyutası dəyərdən düşürsə, orda mənzillərin qiyməti qalxır. Bu, gözlə görülən qalxmadır və əslində mahiyyətcə artım hesab olunmur. İkincisi, dövlət iqtisadi inkişafa nail olursa, ora kənardan investisiya axını olur. Bu zaman mənzil alqı-satqısı artır və qiymətlər yüksəlir. İndiki halda qiymətlərdə xüsusi bir sıçrayışın olmasını gözləmək mümkün deyil. Çünki ilin əvvəlində bazar bir sıçrayış yaşayıb. Bundan sonra stabillik dövrünün olacağı gözlənilir. Sonra isə işğaldan azad edilmiş ərazilərə investisiya yatırımı belə sürətlə davam etsə, bu ərazilərdə infrastrukturun bərpası daha da sürətlənsə, əhalinin bir qisminin Bakıdan regionlara axını olacaq. Bu da bazarda müəyyən qədər tələbin azalması ilə nəticələnəcək. Eyni zamanda qaçqın və məcburi köçkünlərə verilmiş mənzillərin yenidən satışa çıxarılması və yaxud ehtiyacı olan şəxslərə verilməsi məsələsi gündəmdədir. Bu da baş versə, mənzilə olan tələbatın bir hissəsi ödəniləcək və qiymətlərdə stabillyiin saxlanılmasına səbəb olacaq. Qiymətlərin kəskin enəcəyini də ehtimal etmirəm. Hazırda dünyadakı iqtisadi böhran və inflyasiya güclənirsə, manatın alıcılıq qabiliyyəti zəifləyirsə, qiymətin enməsindən söhbət gedə bilməz”, – deyə o, qeyd edib.
V.Oruc onu da deyib ki, Bakıda yeni tikililər üzrə son dövrlər Xətai rayonunda qiymətlərin kəskin artımı müşahidə edilir. Bu da əsasən bir otaqlı və bir otaqlıdan iki otaqlıya düzələn mənzillərdə gözə çarpır: “Nərimanov rayonunda bir kvadrat metrin qiyməti 1 800-1 900 manatadırsa, Xətai rayonunda “Əhmədli”, “Həzi Aslanov” metrolarına yaxın hissələrdə eyni təklif qiymətini görə bilirk. Amma prestij, infrastruktur və mərkəzə yaxınlığa görə, Səbail və Nəsimi rayonları digərlərindən fərqlənir. Qiymətlər həmin yerlərdə daha yüksəkdir. Hətta Səbaildə, məsələn, “Port Baku”da mənzillərin bir kvadrat metrinin qiyməti 7 000-8 000 manatdır. Elə yerlər var ki, bir kvadrat metrin dəyəri 4 000-4 500 manat civarındadılr. Ola bilər ki, Nərimanov ərazisində eyni səviyyəli mənzili bir yerdə kvadratı 5 000 manata, başqa yerdə 2000 manata olsun. MTK belə hesab edir ki, onun universal və “A” tipli mənzilləri dünya standartlarına uyğundur və ona görə də baha qiymət qoyur. O baxımdan qiymətlərin formalaşmasında MTK-ların prestijinin, onların xidmət və işlətdikləri tikinti materiallarının keyfiyyətinin də rolu var”.