6 C
Baku
Saturday, December 14, 2024

Bakıda parklanmanın təşkili üzrə Baş Plan hazırlanacaq

Bakı şəhərində parklanma yerlərinin təşkili və idarə olunmasına dair layihə həyata keçirilir, layihənin icrasının müzakirəsi məqsədilə Bakı Nəqliyyat Agentliyində (BNA) keçirilən görüşdə “Alpina Parking Consulting” MMC-nin hazırladığı yol xəritəsinin təqdimatı olub.

BNA-dan verilən məlumata görə, 4 mərhələdən ibarət yol xəritəsinə uyğun olaraq Bakı şəhərində ümumi parklanma vəziyyəti araşdırılaraq müvafiq məlumatlar toplanacaq və təhlil olunacaq.

Yekun olaraq Bakı şəhərində parklanmanın təşkili üzrə Baş Plan hazırlanacaq.

Demoqrafik, sosial-iqtisadi, texnoloji, ətraf mühit amillərinin nəzərə alınacağı Baş Plana uyğun olaraq şəhər ərazisi zonalara bölünəcək və hər zonaya fərdi yanaşma tətbiq olunacaq. Hər bir yenilik təhlil olunacaq və zərurət olacağı təqdirdə müvafiq düzəlişlər ediləcək. Qiymət siyasəti, bazarın tələblərinə cavab verən modelin ortaya qoyulması, hamı üçün əlçatanlığın təmin olması və ən əsası şəffaf idarəetmə Baş planın əsas hədəflərindəndir.

Hədəfə nail olunması üçün innovativ həllərin tətbiqi nəzərdə tutulub. Müasir ödəniş metodları, ağıllı nəqliyyat sistemləri, parkın yerlərinin axtarışı, ağıllı və dəyişən tariflər, təhlükəsizlik və mühafizə baş planda əksini tapan əsas məsələlərdəndir.

Qeyd olunub ki, BNA yoldan kənar parklanma sahələrinin təşkili və idarə olunması üzrə yüksək təcrübəyə malik beynəlxalq məsləhətçi şirkət “Alpina Parking Consulting” MMC ilə əməkdaşlıq edir. Şirkət parklanma vəziyyətinin qiymətləndirilməsi, mövcud parklanma sahələrinin təhlili, ümumi qiymət siyasətinin müəyyən edilməsi və iqtisadi əsaslandırılması, müvafiq parklanma infrastrukturunun qurulması işlərində məsləhətçi qismində çıxış edir.

“Alpina Parking Consulting” MMC şəhərimiz üçün parklanmanın inkişaf konsepsiyasının və modelinin hazırlanması, beynəlxalq təcrübələrdən istifadə edərək ümumi parklanma siyasətinin formalaşması, mövcud parklanma qarajlarının inkişaf konsepsiyalarının hazırlanması işlərində də Bakı Nəqliyyat Agentliyinə dəstək olacaq.

Bildirilib ki, “Alpina Parking Consulting” şirkəti 1997-ci ildə yaradılan “Alpina” şirkətlər qrupunun mühüm tərkib hissəsi hesab olunur. Şirkət parklanma sahəsində məsləhət xidmətlərinin göstərilməsi, eləcə də konsepsiya və menecment xidmətlərinin yerinə yetirilməsi üçün təcrübəyə və lisenziyalara malikdir. Şirkət Fransa, Almaniya, Avstriya və Avropanın digər ölkələrinin iri şəhərlərinin müvafiq qurumları ilə əməkdaşlıq edir.

Son xəbərlər
Digər xəbərlər