19 C
Baku
Thursday, April 25, 2024

Bakıda piştaxtalarda satılan “saxta İvanovka”dır

İvanovka sıradan yaşayış məntəqəsi deyil, bu kəndin xüsusi etnomədəni əhəmiyyəti var – burada hələ iki əsr əvvəl Azərbaycanda ən böyük molokan icması məskunlaşıb. Nikitin adına kolxoz son dövrlərədək haradasa sakit liman, siyasətdən uzaq unikal həyat tərzi ilə seçilən bir yer sayılırdı.

Lakin Azərbaycanda yeganə olan bu kolxozda unikal vəziyyət yaranıb. Əfsanəvi Nikolay Vasilyeviç Nikitinin ölümündən sonra altı sədr dəyişib və onların sayəsində kolхoz iflasa uğrayıb. Hər yeni rəhbər öz dəstəsi ilə birgə şəxsi güzəranını yaxşılaşdırmağa can atıb və nəticədə vaxtilə çiçəklənən milyonçu kolxozdan bu gün, demək olar ki, əsər-əlamət qalmayıb. Nikolay Nikitinin mirasının fəal tar-marında çoxları iştirak edib – İsmayıllı rayonunun vaxtaşırı dəyişən rəhbərləri, kolxoz sədrləri, o cümlədən sıravi kolxozçular. Hər kəs nəsə qoparmağa çalışıb. Vəziyyət o həddə çatıb ki, 2019-cu ildə kolxoz rəsmi olaraq iflasın bir addımlığında olub – onun yeni əkin üçün vəsaiti qalmayıb.

Bakılılar ədalətli və məntiqli sual verə bilərlər – əgər kolxoz dağılıbsa, necə olur ki, paytaxt bazarlarında hər addımbaşı bizə İvanovkadan gətirilmiş ət-süd məhsulları təklif edirlər? Məlum olur ki, Bakı piştaxtalarında İvanovka məhsulu adı altında satılan malların hamısı saxtadır. Bütün bu məhsulların həqiqi İvanovka malı ilə yaxından-uzaqdan əlaqəsi yoxdur…

Və budur, biz əfsanəvi İvanovkadayiq. Son illər o, molokanların tarixi yaddaşında silinməz iz qoymuş imperatriçə Böyük Yekaterinanın favoriti Potyomkinin adı ilə adlandırılan dekorativ kəndə oxşayıb.

Rubrikanın qonağı  kolxozun sədri Vasili İvanoviç Novoseltsevin qonağıdır.

Zəruri haşiyə:

Kolxozun tarixi 1936-cı ildən başlayır. Ona ilk olaraq vətəndaş müharibəsinin əfsanəvi qəhrəmanı Klim Voroşilovun adı qoyulub. İvanovka kəndinin sakinləri, demək olar ki, yekdilliklə Voroşilov adına kolxoza girib. Lakin Almaniya ilə müharibə başladı və praktiki olaraq əmək qabiliyyətli bütün kişilər cəbhəyə yollandı. Cəbhəyə çağırılmış yeddi yüz nəfərdən dörd yüzü qayıtdı, onlardan çoxu müharibədə ağır yaralanmışdı. Bərpa prosesi son dərəcə mürəkkəb şəraitdə baş verdi. İvanovka kolxozçuları hardasa on il ərzində təsərrüfatı dirçəldə bildi.

1953-cü ildə hələ də iqtisadi zəif təsərrüfata 27 yaşlı Nikolay Vasilyeviç Nikitin rəhbərlik etməyə başladı. Gənc sədrin şəxsi və işgüzar məziyyətləri, nüfuzu tezliklə kolxozu SSRİ-də aparıcı təsərrüfatlar sırasına çıxardı.

1958-ci ildə Kalinin adını alan kolxoz milyonçuya çevrilir. Nikolay Vasilyeviç sədr vəzifəsində qırx ildən artıq çalışdı və bütün bu illər ərzində təsərrüfat intibah dövrünü yaşadı. Müasir anlayışlarla ifadə etsək, o, təsərrüfatı diverfisikasiya edib, Nikitinin hətta şəxsi aerodromu, asfalt və kərpic zavodları olub. Sədrin xidmətləri layiqincə qiymətləndirilib – mükafatları saya gəlməyib, ən əsası Sosialist Əməyi Qəhrəmanı adı olub. O ikinci ülvi arzusuna doğru əmin addımlarla irəliləyib, lakin macal tapmayıb – ölkə dağılıb. Nikolay Vasilyeviç 1994-cü ildə vəfat edib. Elə həmin dövrdən kolxozun uzun və kədərli tənəzzül tarixi başladı.

1996-cı ildə Azərbaycanda torpaq islahatları keçirilir, kolxozlar ləğv olunur, kolxoz torpaqları kəndlilərin xüsusi mülkiyyətinə verilir. Ancaq İvanovka sakinləri qabaqcıl kolxozla vidalaşmaq istəmir və özlərinin yeni sədri Qriqori Minnikovla (əvvəllər Nikitinin müavini) ölkə prezidenti Heydər Əliyevə istehsalat birliyini əvvəlki formada saxlamaq xahişi ilə müraciət edirlər. Ölkə başçısı cavab olaraq bildirir ki, bütün təsərrüfatdar Nikitin adına kolxoz kimi çalışsaydı, torpaq islahatına heç bir ehtiyac qalmazdı. Beləliklə, Azərbaycanda ölkə qanunvericiliyinə qətiyyən müvafiq gəlməyən yeganə kolxoz saxlanılır. Bu kənd birgə müəssisəsinin hələ də faktik olaraq hüquqi sənədləri yoxdur -“Torpağın kolxozların əbədi istifadəsinə verilməsinə dair 592639 nömrəli Dövlət aktı” adlanan qəribə kağız parçasından başqa. Hüquqi planda kolxoz hələ də yalnız Heydər Əliyevin xeyir-duası hesabına mövcuddur. Əsl hüquqi kazus

– Hazırda kənddə nə qədər insan yaşayır?

– 2700 nəfər.

– Onların nə qədəri kolxoza cəlb olunub?

– Mövsümi işlərdən asılıdır. Bu işlərə 560-600 adam cəlb olunur. Kolxozda daimi işçilərin sayı isə 350-400 nəfərdir.

– Onların nə qədəri molokandır?

– Yanılmaq istəmirəm, dəqiq statistika yoxdur. İcra hakimiyyətinə müraciət edə bilərsiniz. Onlarda rəqəmlər var.

– Təxminən?

– Yarısı.

– Elə görünür ki, aralarında gənclər yoxdur?

– Gənclər əsasən kənd təsərrüfatı texnikasında çalışırlar. Avtorajda və üzümçülükdə işlərə isə daha çox təqaüd yaşında olan sakinlər cəlb edilib. Yəni, 50 yaşdan yuxarı olanlar.

* * *

Zəruri haşiyə

İvanovkanı gəzirik … Həqiqətən də burada camaat fərqlidir – mehriban, qonaqpərvər və həddən ziyadə sadə. Diqqəti ilk çəkən küçələrdə gənclərin demək olar ki yoxluğu və “Satılır” lövhəsi vurulmuş evlərin çoxluğudur. Rus əhalisi kəndi tərk etməkdədir. Gənclər təhsil üçün Rusiyaya yollanır və çox vaxt geri qayıtmırlar. Еvlərin qarşısındakı skamyalarda əsasən qocalar və qəribə də olsa, sağlam cavan kişilər əyləşib. Əgər kolxozda kişilər vaxtlarını evlərinin qabağında keçirirsə, deməli, burada işlə bağlı çətinliklər var …

Kolxozda yalnız qocalar qalıb. Gənclər isə buranı tərk edir

* * *

– Elə çıxır ki, İvanovka kolxoza münasibətdə iki hissəyə bölünüb: kollektiv təsərrüfatın ehtiyatlı tərəfdarlarına və qızğın əleyhdarlarına. Onların arqumentləri nədir? Təsərrüfatın gələcəyi barədə nə düşünürsünüz?

– Təbii ki, mən kolxozun fəaliyyətinin davam etməsinin tərəfdarıyam. Və kolxozun yaşaması, ayaq üstdə qalması, inkişafı üçün gücüm çatan hər şeyi edirəm. 1990-cı illərdə kolxozda qızğın ictimai həyat vardı, çoxlu iclaslar, müzakirələr, hesabat konfransları keçirilirdi, torpaqların bütün Azərbaycanda olduğu kimi xüsusi mülkiyyətə verilməsi təklifləri səslənirdi. Minnikov birbaşa soruşdu – ayrılmaq istəyirsinizmi? Və əhalinin böyük əksəriyyəti kollektiv təsərrüfatın saxlanmasının lehinə çıxdı. Kolxozun hər bir üzvü təsərrüfatın bu formasını saxlamaq xahişi ilə öz əliylə ərizə yazdı. Yəni, müzakirələr o vaxtdan gedir. Ancaq yenə də çoxluq kolxozu müdafiə etdi. Biz bu ənənəni qorumalı və keçmiş dövrün şöhrətini qaytarmalıyıq.

– Ancaq kolxozun fəaliyyəti qanunvericiliklə tənzimlənmir. Azərbaycanda torpaq üzərində şəxsi mülkiyyət formasıdır.

– Niyə ki? Biz kənd təsərrüfatı nazirliyinə tabeyik. Razıyam ki, əvvəlki nizamnamə köhnəlib və yeni hüququ sənədlərin qəbulu tələb olunur.

– Baxın, sizdə istifadəsiz qalan 4 min hektar şumluq torpaq var. Elə isə kolxozu saxlamağın mənası nədir?

– 5 200 hektar. Və son illərdə torpaq istifadəsiz qalmır. 2019-cu ildə yüksəlmə başladı və bu, böyük ümidlər vəd edir. Həmin il biz sensasion göstəricilərə nail olduq – hər hektardan 33 sentner buğda topladıq! 10 traktor, 8 toxumsərən maşın aldıq… 2018-ci ildə kolxoz bankrot olmağa yaxın idi, biz fəaliyyətimizi praktik olaraq dayandırmışdıq. Kolxozu xilas etmək üçün dövlət strukturlarına, ilk növbədə kənd təsərrüfatı nazirliyinə müraciətlər edirdik. Bizdə hətta toxum fondu da yox idi – hansı əkindən söhbət gedə bilərdi? Sonra isə bizi maliyyələşdirməyə razılaşan şəxs gəldi.

– Niyə dövlət yox, fərd?

– 2016-2018-ci illərdə subsidiya və kreditlər üçün müraciət etdik və imtina cavabı aldıq.

– Niyə imtina etdilər? Kənd təsərrüfatı nazirliyinə dövlət subsidiya proqramı ilə bağlı sonucu dəfə nə vaxt müraciət etmisiniz?

– 2018-ci ildə də, 2019-cu ildə də.

– Bəs indiki nazir İnam Kərimov necə reaksiya verdi? Kömək etmədi?

– O, İvanovkaya baş çəkdi, kolxozun vəziyyəti, bütün sahələrdəki işlərin səviyyəsi ilə tanış oldu. Məhz Kərimovun yardımı ilə Kənd təsərrüfatı nazirliyi toxumların təmizlənməsi və kalibrlənməsi üçün zavod tikdi.

– Deməli, dövlət dəstəyi var?

– Əlbəttə, var. Nazirlik bizə model təklif etdi, ancaq həmin model bizi bir qədər ehtiyatlandırdı. Yəni, maliyyələşmə olacaq, məhsulun 70 faizini onlar götürəcək, 30 faizi bizə qalacaq. Fors-major vəziyyətin yaranacağı, yaxud bu və ya digər səbəbdən bizim tərəfimizdən öhdəliklərin yerinə yetirilməyəcəyi təqdirdə isə kolxozun torpaqları nazirliyin iştirakı ilə yaradılan MMC-in ixtiyarına verilməlidir. Ona görə də mən və idarə heyəti razılaşmadıq.

– Siz 2015-ci ildə kolxozu qəbul edəndə neçə baş iribuynuzlu mal-qara var idi?

– 1800 baş.

– Yerli sakinlərin bir hissəsi deyir ki, 3 min…

– Doğru deyil. Sənədlər var. 3 min baş 2005-ci ildə olub.

– Bəs hazırda nə qədər qalıb?

– 400 baş.

– Yerli sakinlər deyir 200 baş…

– Yox, 400.

– Bəs qalanları hara olub?

– Dedim axı, maaş borclarını və kolxozun digər borclarını bağlamaq üçün satmışıq. 2014-cü ildə yem bazası ilə bağlı ciddi problemlərimiz yarandı. Həmin vaxt quşçuluq sahəsini tamamilə itirdik. Onun bərpası üçün işlərə yalnız indi başlamışıq. Donuzçuluq son nəfəsini verirdi. Ancaq son illərdə bu sahənin də inkişafına nail olmuşuq. Çətinliklə də olsa irəli gedirik. Mən vəzifəyə gələndə dövlətə olan borcumuz 1 milyon 700 min manata çatırdı. Maaşların və vergilərin ödənilməsi ilə bağlı problemlərimiz vardı.

– Birbaşa soruşum. Niyə bu cür yoxsul vəziyyətdə olan kolxozun idarəçiliyini qəbul etməyə qərar verdiniz?

– Görünür, gəncliyim və enerjim üstün gəldi. Mənim üçün kolxozun dirçəldilməsi əcdadlarımın xatirəsi və şərəfi məsələsidir. Mən Azərbaycan Kənd təsərrüfatı institutunu bitirmişəm. Gənc yaşlarımdan ömrümü Azərbaycana və bu kolxoza bağlamışam. Və övladlarım da İvanovkada yaşayıb işləyəcəklər. Bunu ibarəli kəlmə saymayın.

* * *

Zərri haşiyə:

İvanovkadakı asfalt və kərpic zavodlarının “qalıqlar”ı tənəzzülün və bərbadlığın əyani nişanələridir.

Nikitin əsl təsərrüfatçı idi. Ondan asfalt zavodunun nəyə lazım olduğunu soruşanda həmişə cavab verirdi ki, kolxoz heç kəsdən asılı olmamalıdır. Kənd sakinləri öz yollarını özləri təmir edirdilər. İndi isə asfalt və kərpic zavodlarından nə qalıbsa sadəcə metalloloma veriblər …

Və hər yanda baxımsız üzümlüklərdir. Onlarla hektarlıq üzüm sahələri yox edilib, qalanlar isə çoxdandır baxımsız qalıb.

– İvanovkada istehsal olunan ət-süd məhsulları hətta kənd əhalisinin belə tələbatını təmin etmir. Absurd vəziyyət yaranıb – kəndlilər südü və kənd məhsullarını qonşu rayonların market və bazarlarından almağa məcburdurlar. Bizə isə Bakı marketlərindəki İvanovka süd məhsulları barədə nağıllar danışırlar… (Gülürük)

– Təəssüf ki, elədir. Bəzi şirkət və zavodlar İvanovka brendi ilə məhsul istehsal edirlər, halbuki həmin məhsulun bizim kəndə heç bir aidiyyatı yoxdur. Kənddən məhsulların tədarükü 2019-cu ildən dayandırılıb.

– Bəs niyə hazırda ləğv olunmuş Dövlət standartlaşdırma komitəsinə şikayətlə müraciət etmirdiniz?

– Müraciət etmişik.

– Xeyri olmayıb?

– Təəssüf. Saxta məhsulların satıldığı mağazalar qapadılıb. Marketlərdə isə hələ də satırlar. Bununla mübarizə aparmaq daha çətindir. Marketlərdən İvanovkadan olan camış südü, keçi pendiri satılır, halbuki bizdə bu məhsullar heç vaxt hazırlanmayıb. Bütün bunlar gizli istehsal olunur. Biz yenə müraciət yollamışıq və İvanovka məhsullarının itirilmiş brendini yenidən bərpa etmək istəyirik.

– Bəs kolxozun hazırki vəziyyəti və istehsalın həcmi sizə bazarı təmin etməyə imkan verir?

– Biz ət-süd məhsulları istehsal edən sexin inşasını planlaşdırırıq və get-gedə istehsalı genişləndirəcəyik. Hazırda böyük zavodun tikintisinə vəsaitimiz yoxdur, ancaq xüsusi investorlar cəlb etməyi düşünürük.

– Köhnə, unudulmuş zamanlarda Bakının “Torqovı” küçəsində İvanovka kəndinin mağazası vardı. Sonra mağaza yoxa çıxdı. Deyirlər ki, satılıb.

– Doğrudur. Dedim axı, kolxozun borcları vardı. Mağaza 2009-cu ildə satılıb.

– 150 minə?

-Yox, 900 min manata. Bəli, o, bakılılar arasında məşhur mağaza idi. Sonra 500 min manata ikinci mağazanı da satdıq… Ancaq dediyim kimi, kolxoz artıq ayağa qalxır. Və yaxın zamanlarda Bakının mərkəzində öz mağazalarımızı yenidən bərpa edəcəyik.

 

Mənbəhaqqın.az
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər