-3 C
Baku
Sunday, December 15, 2024

Bakıda qanunsuz bank fəaliyyəti göstərildiyi aşkarlandı – 1 mlrd. manatlıq dövriyyə

Bakıda qanunsuz sahibkarlıqla məşğul olan Qənbərov Kamil Səfadil oğlunun məhkəməsi başa çatıb.

İşə Nərimanov Rayon Məhkəməsində baxılıb.

Araşdırmalar zamanı məlum olub ki, Q.Kamil lisenziyası olmadığı halda faktiki olaraq bank fəaliyyəti göstərib. Belə ki, o, Bakı şəhəri üzrə pul vəsaitlərinin 0.4 faizi məbləğində, Rusiyanın Moskva, Ukraynanın Kiyev, Gürcüstanın Tiflis və Türkiyənin İstanbul şəhəri üzrə isə pul vəsaitlərinin 0.2 faizi məbləğində xidmət haqqı müqabilində qanunsuz olaraq ayrı-ayrı şəxslərdən qəbul olunması və həmin şəxslərin sifarişi ilə üçüncü şəxslərə təhvil verilməsi üzrə xidmət göstərib.

O, bu işdə istintaqla şəxsiyyətləri müəyyən edilməyən Moskvada Sahil, Ukraynada Saşa, Gürcüstanda Baço, Türkiyədə isə Nüsrət adlı şəxslərlə əlbir olub. Bunu Qafqazinfo bildirir.

Bu səbəbdən 34 yaşlı Kamil hakim qarşısında 192.2.3 maddəsi (Qanunsuz sahibkarlıq-mütəşəkkil dəstə tərəfindən törədildikdə) ilə ittiham olunub.

Qeyri-qanuni bankın ofisi isə paytaxtın Nərimanov rayonu, K.Kazımzadə küçəsi, ev 7 ünvanında yerləşən “Green Park” yaşayış kompleksinin 29 nömrəli mənzili olub.

Vüsal burada ona müraciət edən ayrı-ayrı şəxslərdən qeyd edilən qaydada müxtəlif məbləğlərdə pul vəsaiti alıb və qəbul etməli olan şəxslərə şəxsən və əlbir olduğu şəxslər vasitəsilə təhvil verilməsini həyata keçirib. Təqdim etdikləri pul vəsaitinin məbləğinə görə isə faiz alıblar.

Belə ki, qruplaşma 2019-cu ilin noyabrından 2021-ci ilin sentyabrınadək ümumilikdə 92.740.581,65 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 157.658.988,81 manat məbləğdə valyutanın faktiki olaraq qeyri-qanuni şəkildə köçürmə – həvalə yolu ilə əvəzləşdirilməsi həyata keçirilib. Bu işə görə həmin məbləğin 0.4 faizi olan 370 962 dollar, yəni 630 635 manat qazanc kimi götürülüb.

Ümumilikdə həmin dövrdə Bakı, Moskva, İstanbul, Kiyev və Tiflis şəhərlərində qeyd edilən 4 ölkə ərazisi üzrə ofislərdə 625.138.174,17 ABŞ dolları, yəni həmin dövrün rəsmi məzənnəsi ilə 1.062.734.896,09 manat məbləğdə pul vəsaitinin qanunsuz sahibkarlıq fəaliyyəti üzrə dövriyyəsini həyata keçirilib. Bunun qarşılığında isə ümumilikdə 2.756.105 manat gəlir əldə edilib.

Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Kamil Qənbərov elan edilmiş ittihamla özünü qismən təqsirli bilib. O, etdiyi əməli adi borc münasibəti və xidməti adlandırıb. Təqsirləndirilən şəxs bu müddət ərzində qazancının 70-80 min dollar olduğunu bildirib.

Hakim Vüsal Qurbanovun sədrliyi ilə keçirilən prosesin yekununda hökm oxunub. Kamil Qənbərova 6 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib. Onun cəzası 2 il 6 ay sınaq müddəti təyin edilməklə şərti hesab edilib.

Son xəbərlər
Digər xəbərlər