32 C
Baku
Saturday, June 25, 2022

Bakıda restoranın sanitar-gigiyenik qaydalara əməl etmədiyi aşkarlanıb

Daxil olan məlumat əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bakının Binəqədi rayonu, Əhməd Rəcəbli küç., məh. 3103 ünvanında yerləşən, Rəhimov Vüsal Arzuman oğluna məxsus “Bakku Muzik Hall” restoranında aparılan plandankənar yoxlama zamanı müəssisənin qida təhlükəsizliyi baxımından dövlət qeydiyyatına alınmadan fəaliyyət göstərdiyi, sanitar-texniki və sanitar gigiyenik vəziyyətin qənaətbəxş olmadığı və qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin kobud şəkildə pozulduğu məlum olub.

Banker.az AQTA-ya istinadən xəbər verir ki, mətbəxdə qida məhsullarının emalının eyni sahədə həyata keçirildiyi, texnoloji ardıcılıq prinsipinin pozulduğu, temperatur rejiminə riayət olunmadığı, havalandırma sisteminin quraşdırılmadığı və digər nöqsanlar aşkar olunub. Həmçinin soyuducu və dondurucularda üzərində markalanma aparılmamış süd məhsulları (süd, qatıq, saçaq pendiri) və konservləşdirilmiş qida məhsulları (mürəbbələr) müəyyən edilib. Müəssisədə istifadə edilən ətin minimum keyfiyyət və təhlükəsizliyinə, mütəmadi olaraq dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin aparıldığına, eləcə də işçi heyətin ilkin və dövri olaraq tibbi müayinədən keçmələrinə dair müvafiq sənədlər yoxlamaya təqdim edilməyib.

İstehsal olunmuş məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarında müayinələrə cəlb olunub. Aşkar olunmuş pozuntularla bağlı müəssisə rəhbərliyi inzibati məsuliyyətə cəlb edilib, müəssisədə qida məhsullarının hazırlanması ilə bağlı  işlərin görülməsinin, xidmətlərin göstərilməsinin dayandırılması barədə məhdudlaşdırıcı tədbirlərin tətbiqinə dair qərar qəbul olunub.

AQTA-dan bildirilir ki, araşdırmalar davam etdirilir.

Son xəbərlər
Oxşar xəbərlər