Bakının Nərimanov rayonu, H.Əliyev küç., ev 82F, məh. 889 ünvanında fəaliyyət göstərən “M” marketdə “Nemiroff Vodka Original” əmtəə nişanlı 40%-li 1 ədəd 0.5 litrlik, “Lauren’s Blended Scotch Whisky” əmtəə nişanlı 43%-li 1 ədəd 1 litrlik, “Jack Daniel’s Tennessee Whisky 1981 Gold Medal” əmtəə nişanlı 43%-li 1 ədəd 1 litrlik, “Royal Salute Blended Scotch Whisky 38 il” əmtəə nişanlı 40%-li 1 ədəd 0.5 litrlik alkoqollu içkilərin qablaşdırılmasında falqanın və aksiz markanın kustar üsulla yapışdırıldığı aşkarlanıb.
Banker.az Qida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər verir ki, alkoqollu içkilərin keyfiyyət və təhlükəsizlik göstəricilərini təsdiqləyən sənədlər yoxlamaya təqdim edilməyib.
Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb, spirtli içkilər Qida Təhlükəsizliyi İnstitutunun müvafiq sınaq laboratoriyalarında müayinələrə cəlb olunub.
Araşdırmalar davam etdirilir.
Qeyd edək ki, “M” market “Alişan” şirkətinə məxsusdur.