Bakıda yeni yolun çəkilişinə hazırlıq işlərinə başlanılıb.
“Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı”na əsasən, Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 24 yol infrastrukturu layihəsinin icrası nəzərdə tutulub ki, onlardan biri də Xaqani Rüstəmov küçəsini Ağa Nemətulla küçəsi ilə əlaqələndirən yeni bir yolun tikintisidir.
Artıq layihənin icrasına başlanıb. Hazırda Xəqani Rüstəmov küçəsində Babək prospektinə gedən istiqamətdə yol bağlıdır.
Nəqliyyat eksperti Ərşad Hüseynov bildirib ki, yeni yolun istifadəyə verilməsi paytaxt ərazisindəki bəzi yolların yükünü əhəmiyyətli dərəcədə azaldacaq.
Ekspert bildirib ki, yeni layihənin icrası nəticəsində sərnişindaşınmanı təkmilləşdirmək, eləcə də mikromobillik zolaqları yaratmaq mümkün olacaq.
Layihə ilə əlaqədar Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, yeni yol tunel vasitəsi ilə ərazidə mövcud olan dəmir yolu xəttinin altından keçərək inşa ediləcək. Bununla da yeni yol hər iki istiqamətdə nəqliyyat axınını fasiləsiz təmin etmiş olacaq.







