Bakıda tələbələr üçün kirayə evlər: Ən ucuz və ən bahalı ərazilər

Ali məktəblərə qəbul olan, xüsusilə bölgələrdən Bakıya gələcək tələbələri düşündürən əsas məsələlərdən biri yaşayış yeri ilə bağlıdır.

Yataqxanalarda yerlərin məhdud olması onları kirayə mənzil axtarmağa vadar edir. Avqustun sonu və sentyabrda tələbatın artması fonunda isə münasib qiymətə ev tapmaq daha da çətinləşir.

Bu baxımdan, bölgələrdən Bakıya gələn tələbələr üçün münasib qiymətə kirayə mənzil tapmaq üçün hansı ərazilər daha əlverişlidir və məhdud büdcə ilə ev axtaran tələbələr nələri nəzərə almalıdır?

Mövzu ilə bağlı açıqlama verən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirib ki, hər bir ölkənin inkişafında və tarixində onun təhsil səviyyəsi mühüm rol oynayır.

“Elm və təhsil hətta təhlükəsizlik və müdafiə məqsədlərindən də önəmlidir. Millətin inkişafı, gələcəyi məhz onun elm səviyyəsindən, eyni zamanda, gənclərinin təhsilindən ciddi şəkildə asılıdır.

Bu baxımdan düşünürəm ki, hər il 50 mindən çox abituriyentin tələbə adını qazandığı halda, onları ən çox düşündürən məsələlərdən biri Bakıda harada qalacaqları, yəni yaşayış yerlərini necə təmin edəcəkləridir.

Bu problem ildən-ilə daha da mürəkkəbləşir. Əvvəllər manatın alıcılıq qabiliyyətinin daha yüksək olması, kirayə qiymətlərinin nisbətən münasib qalması və bir çox yataqxananın fəaliyyət göstərməsi yeni tədris ili ərəfəsində kirayə bazarına təzyiqi bu qədər artırmırdı.

Amma son dövrlərdə bildiyimiz kimi, daşınmaz əmlak bazarında investisiya cəlbediciliyinin artması qiymətlərin yüksəlməsinə səbəb olur. Belə olan halda, təbii ki, valideynlər, xüsusilə də tələbələr Bakıda kirayə mənzil axtararkən ciddi problemlərlə üzləşirlər.

Halbuki onların ilk növbədə düşündükləri məsələ universitetə qəbul olmaqdırsa, ikinci məsələ harada yaşayış yeri tapa biləcəkləridir. Əvvəllər yataqxanalar mövcud olduğu halda, indi onların böyük əksəriyyəti bağlı olduğundan və ya təyinatı dəyişdirildiyindən tələbələr daşınmaz əmlak bazarının kirayə seqmentinə müraciət etməyə məcbur olurlar. Bu da həmin ərazilərdə kirayə qiymətlərinin artmasına səbəb olur.

Hər il təqribən 10-15 faiz kirayə mənzillərin qiymətlərində artım hiss edirik. 2026-cı ildə kirayədən əldə olunan gəlirdən ödənilən vergi faizinin 14 faizdən 10 faizə endirilməsi əslində indiyə qədər əməl olunmayan rəsmi müqavilə şəraitində kirayələrin verilməsinə doğru bir addımdır. Artıq vətəndaşların bir hissəsi öz kirayə münasibətlərini rəsmi səviyyədə qurmağa başlayıb.10 faizlik vergi məbləğinin də həmin kirayənin üzərinə gəlməsi qiymətlərin artmasına səbəb olub.

Bu proses indi də davam edir. Avqustun ortalarından sentyabrın ortalarına qədər olan dövr pik artım dövrü kimi qeyd olunur. Bu müddətdə bazara çoxlu müraciətlər olur və bu da qiymətlərin yüksəlməsinə səbəb olur.

Adətən mənzillər metroya yaxın ərazilərdə axtarılır. Bildiyimiz kimi, metro yaxınlığının nəqliyyat əlçatanlığı baxımından daha çox müraciət görməsi həmin evlərin qiymətlərinin də yüksək olmasına səbəb olur. Təqribən metro yaxınlığındakı evlər 600, 650, 800, hətta bəzən 900 manat civarında təklif edilir.

Bu mənzillər əvvəllər bir tələbə üçün uyğun idisə, indi bir neçə tələbə birlikdə kirayə mənzil axtarmağa başlayır. Bu isə bir çox hallarda mənzil sahiblərinin narazılığı ilə qarşılaşır. Çünki bir evdə çox sayda sakinin qalması onun daha tez aşınmasına, mühəndis-kommunikasiya sistemlərinin sıradan çıxmasına və qonşuların narazılığına səbəb olur. Amma bununla belə, artıq başqa yol olmadığından əsas məqsəd daha ucuz ev tapmaq və bir neçə tələbə ilə birlikdə ortaq kirayə götürməkdir.

Metroya yaxınlığı əsas meyar kimi kənara qoysaq, nisbətən ucuz ərazilər sırasında Binəqədi rayonu ərazisini, Azadlıq prospektini, 9-cu mikrorayonu, Nəsimi metrosu ətrafını, Yeni Yasamalı, 20 Yanvar və İnşaatçılar metroları ətrafını, həmçinin Neftçilər, Xalqlar Dostluğu və Qara Qarayev metroları ətrafını göstərə bilərik.

Buradakı qiymətlər metroya yaxın ərazilərdəki kirayə mənzillərlə müqayisədə təqribən 20-25 faiz daha ucuzdur. Bu da tələbələrin kirayə haqqına qənaət etməsinə imkan yarada bilər. Eyni zamanda, həmin ərazilərdə mənzili bir neçə nəfərin birlikdə tutmasına ciddi etirazlar olmadığından, bu yerlər tələbələr üçün daha uyğundur.

Təbii ki, qiymət baxımından şəhərin kənarında, Xırdalanda, Yeni Günəşlidə, Alatava və digər ərazilərdə də ucuz mənzillər tapmaq olar. Amma nəqliyyat əlçatanlığı və tıxaclar həmin ərazilərdə təhsil müəssisələrinə gediş-gəlişi çətinləşdirdiyindən, bu variantlar o qədər də məqsədəuyğun sayılmır”.

Bir və ikiotaqlı mənzillərin təxmini qiymətləri belədir:

“Bir və ikiotaqlı mənzillərin təxmini qiymətləri 400-450, 500 manat civarındadır. Həmin mənzillərin əşyalı olması, nəqliyyat əlçatanlığı baxımından metroya yaxın yerləşməsi, avtobus dayanacağına və avtobus marşrutuna uyğunluğu, eyni zamanda, mənzilin təmir vəziyyəti qiymətlərə təsir edir.

Həmin ərazilərdə 400-450 manata daha ucuz mənzillər də tapmaq olar. Lakin bu mənzillər əlverişlilik, əlçatanlıq, daxili təmir vəziyyəti, əşya durumu və yaşayış üçün lazım olan vasitələrin kifayət qədər olması baxımından daha baha təklif olunan mənzillərdən geri qalırlar”.

Şəhər mərkəzində mənzil qiymətləri:

“Şəhər mərkəzinə və universitetlərə yaxın ərazilərdə mənzillərin qiymətinin bu il 700-800 manat arasında olacağını gözləyirik. Mərkəzə yaxın ərazilərdə birotaqlı mənzillər 600-650, bəzi hallarda 700 manat, ikiotaqlı mənzillər isə 800-850 manat civarında olur.

Əsasən 28 May, Nizami, Sahil və İçərişəhər metrolarının ətrafını qeyd edə bilərik. Burada qiymətlər birotaqlı mənzillər üçün 700-900 manat, ikiotaqlı mənzillər üçün isə 900-1200 manat arasında dəyişir. Bəzi hallarda qiymət 1300 manata qədər yüksəlir.

Elmlər Akademiyası və İnşaatçılar metrosu ərazilərində isə qiymətlər nisbətən fərqlidir. Nizami metrosu və Yasamalın mərkəzi ərazilərində birotaqlı mənzillərin qiymətləri təqribən 550-650 manat arasında dəyişir. İnşaatçılar metrosu ərazisi isə nisbətən ucuzdur. Burada birotaqlı mənzillər 500-550 manat, bəzi hallarda təmir səviyyəsi aşağı olan mənzillər 450 manata da təklif olunur. İkiotaqlı mənzillərin qiyməti isə İnşaatçılar metrosu ərazisində 600-650, bəzi hallarda 700 manata qədər yüksəlir.

Qeyd olunan qiymətlər dəyişkəndir. Nəqliyyat əlçatanlığı, mənzilin daxili təmir vəziyyəti, avadanlıq və texnika, eləcə də gündəlik yaşayış üçün lazım olan şərtlərin təmin edilməsi qiymətlərə təsir göstərir”.

MənbəAzEdu.az
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər