“Biz taxıl çatışmazlığı probleminin aradan qaldırılması yollarını tapmalıyıq”.
Bunu Bakıda keçirilən “Global Grain Outlook 2022” adlı XII Beynəlxalq Taxıl Ticarət Konfransında Rusiya Taxıl İttifaqının prezidenti Arkadi Zloçevski deyib.
O, tədbirin kifayət qədər çətin vaxtda keçiridiyini qeyd edib: “Son vaxtlar cərəyan edən bir çox hadisələr tədbirin planlaşdırılan şəkildə təşkil edilməsinə mane oldu. Lakin bütün çətinliklərə baxmayaraq biz konfransın keçirilməsindən imtina etmədik. Son günlər baş verənlər burada müzakirə olunacaq məsələləri bir az da aktual edib. Çalışmalıyıq ki, bu platforma çərçivəsində mövcud çətinlikləri aradan qaldırılmağın yollarını tapaq”, – deyə o, əlavə edib.
Rusiya Taxıl İttifaqının təşkil etdiyi və sabah başa çatacaq konfransda 9 ölkədən 120-yə yaxın iştirakçı qeydə alınıb. Konfrans çərçivəsində taxılın istehsalının, bölüşdürülməsinin və istehlakının strukturundakı qlobal dəyişikliklər, iqtisadi, iqlim və geo-siyasi faktorların bu seqmentin inkişafına təsirləri, Xəzəryani regionda taxıl istehsalı və istehlakı üzrə orta və uzun müddətli proqnozlar, dəyişiklik tendensiyaları, məhsuldarlıq, ixrac petspektivləri və təchizat dəhlizləri mövzusunda geniş fikir mübadiləsinin aparılması nəzərdə tutulub. Eyni zamanda iştirakçılar taxıl ticarətinin logistikasını, konteyner və multimodal daşınmaları, kənd təsərrüfatı məhsulları üçün trans xəzər nəqliyyat dəhlizinin perspektivlərini, taxıl dəhlizlərini və beynəlxalq taxıl ticarətinin infrastrukturunu müzakirə edəcəklər.
Konfransda Rusiya Taxıl İttifaqının prezidenti Arkadi Zloçevski ilə yanaşı, qurumun vitse-prezidenti Aleksandr Korbutun, Rusiyanın Stavropol vilayəti hökümətinin sədr müavini Vladimir Sitnikovun, Qazaxıstan Taxıl İttifaqının ticarət komitəsinin rəhbəri Aleksandr Malovun, İran Taxıl İttifaqının sədri Kaveh Zarqaranın, “Azərsun Holdinq” MMC-nin İdarə Heyyətinin strategiya və biznesin inkişafı üzrə müşaviri Nailə Mehrabovanın, “Karat Holdinq” MMC-nin baş direktoru Taleh Qasımovun və sair spikerlərin çıxışları gözlənilir.
Xatırladaq ki, indiyə qədər Beynəlxalq Taxıl Ticarət Konfranslarınmda 30 olkədən o cümlədən Rusiyadan, Ukraynadan, Qazaxıstandan, ABŞ-dan, Böyuk Britaniyadan, İsveçrədən, Almaniyadan, Fransadan, Türkiyədən, Misirdən, Səudiyyə Ərəbistanından olmaqla 3 minə yaxın nümayəndə iştirak edib.