13 C
Baku
Friday, November 22, 2024

Bakıda yataqxana tipli binalardan mənzil almaq sərfəlidirmi?

Ucuz qiymətə ev almaq istəyənlərin diqqətini tez-tez Bakıda yataqxana tipli binalarda satışa çıxarılan mənzillər cəlb edir. Bura həm sovet dövründən qalma ailə yataqxanaları, həm də tələbə yataqxanalarında olan mənzillər aiddir. Bəzi hallarda daşınmaz əmlakın elektron reyestrindən çıxarışı da olan bu mənzillərin alqı-satqısı problemli ola bilərmi?

Bu barədə açıqlama verən daşınmaz əmlak bazarı üzrə ekspert Elnur Fərzəliyev sovet dövründən qalan ailə yataqxanalarındakı mənzilləri almağın o qədər də riskli olmadığını deyib:

“Əvvəllər belə mənzillərin satışı daha çox məcburi köçkünlərin yerləşdiyi yataqxanalarda baş verirdi. Bu binaların komendantları həmin mənzilləri hansısa formada bir vətəndaşdan alıb digər vətəndaşa verirdi. Sovet vaxtından qalan və bəzi müəssisələrin balansında olmuş ailə yataqxanaları da var ki, ordakı mənzillərin daşınmaz əmlakın dövlət reyestrindən çıxarışları da mövcuddur. Həmin mənzillər müəssisə tərəfindən balansdan çıxarılıb və özəlləşdirilib. Onların qiymətləri adi mənzillərdən xeyli aşağıdır və müəyyən qədər alıcıları da var. Onlar sanitar qovşaqları, yəni hamam, tualet və mətbəxi daxildə olan kiçik kvadratlı mənzillərdir.

Belə mənzillərin alışı zamanı sənədlərə baxmaq lazımdır. Əgər həqiqətən elektron çıxarışda onu satan şəxsə tam mülkiyyət verilibsə və bina aid olduğu müəssisənin balansından çıxıbsa, həmin mənzil vətəndaşın özəl mülkiyyəti sayılır. Amma biz ona natamam əmlak deyirik. Onun dəyəri həmişə digər əmlaklardan aşağı olub və həmişə də belə olacaq. Adətən o tip mənzilləri alıb kirayə verirlər. Kirayəqiymətləri yüksək olduğuna görə yataqxana və adi mənzilin kirayə qiymətləri arasında elə böyük fərq olmur. Amma istənilən halda imkanı olan şəxs üçün elə yataqxanalardan mənzil almaq məsləhət deyil. Kənardan ucuz qiymətə mənzil almaq şəhərdən o tip mənzil almaqdan daha sərfəlidir”.

Tələbə yataqxanalarından mənzil almağa gəlincə, ekspert bunun riskli olduğunu qeyd edib:

“Nəzərə almaq lazımdır ki, bu yataqxanadırsa, zamanla köçürüləcək. Tələbə yataqxanalarındakı mənzilləri alan vətəndaş bilməlidir ki, bu yataqxana dövlətindir və həmin binalar artıq istismar müddətini bitirib, yararsız vəziyyətdədir. Bir müddətdən sonra onlar söküləcək. Sökülərkən o vətəndaşlara dövlət tərəfindən heç bir kompensasiya verilməyəcək. Çünki bu bina dövlət balansından çıxarlmayıb”.

E.Fərzəliyevin sözlərinə görə, həmin binalardakı evləri digər şəxslərə satmaq qanuna ziddir: “Belə binalar şəhərdə çoxdur”

MənbəReport
Son xəbərlər
Digər xəbərlər