21 C
Baku
Saturday, November 2, 2024

Bakıda yol hərəkətinin təşkilində yenilik: Yollara çəkilən sarı torlar nə üçündür?

Bakıda yol hərəkətinin təşkilində daha bir yeniliyə imza atıb.

Banker.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, pilot layihə olaraq A.Bakıxanov və S.Vurğun küçələrinin kəsişməsində ilk sarı kəsişmə toru nişanlanması təşkil edilib.

Bu yenilik paytaxtın küçələrində yaranan tıxacların qarşısının alınması və nəqliyyat şəraitinin yaxşılaşdırılması məqsədi ilə tətbiq edilib. BNA mütəxəssislərinin hazırladığı pilot layihə sonrakı mərhələdə şəhər mərkəzini əhatə edən, eyni zamanda, tıxacların və nəqliyyat sıxlığının müşahidə edildiyi 74 yol kəsişməsində də təşkili nəzərdə tutulub.

Sarı kəsişmə toru yol kəsişməsində nəqliyyatın kilidlənməsinin qarşısını alır və kəsişməni hər zaman nəqliyyat üçün təmiz saxlayır. Onlar, adətən, iki və daha artıq yolun kəsişməsində, bəzi hallarda dairələrdə, yanğın söndürmə, təcili yardım stansiyalarının qarşısında yerləşdirilir.

Sarı kəsişmə toru yollarda nəqliyyat axınının fasiləsizliyini təmin etməyə və ləngimələri azaltmağa xidmət etməklə yanaşı, insanlara yol hərəkəti qaydalarına daha ciddi riayət etməyə və lazımsız cərimələrdən yayınmağa yardım edir.

Bu nişanlanma yolayrıcında hərəkət hissələrinin kəsişmə yerinin (yerlərinin) konfiqurasiyasına uyğun olaraq sarı haşiyə daxilində xətlərdən ibarət xanalar şəklində tətbiq olunur. Nəqliyyat vasitəsi sarı kəsişmə toruna o vaxt daxil ola bilər ki, onun çıxışı açıq olsun və sarı qutunu dayanmadan tərk etmək üçün torun digər tərəfində kifayət qədər yer olsun. Sola dönmə əməliyyatını həyata keçirərkən qarşıdan gələn nəqliyyat vasitəsinə mane olmamaq şərtilə sarı qutunun içərisində dayanmaq olar.

Sarı kəsişmə toru 1967-ci ildə Londonda uğurla sınaqdan keçirilib və bu gün Avropanın bir çox ölkələrində, ABŞ-da və bəzi Asiya ölkələrində tətbiq edilir.

Azərbaycan Respublikasının Yol hərəkəti haqqında qanununun 75-ci maddəsinin 2-ci bəndinə əsasən, əgər yolayrıcında və ya hərəkət hissələrinin kəsişməsində tıxac yaranıbsa və bu, sürücünü dayanmağa məcbur edərək digər nəqliyyat vasitələrinin hərəkəti üçün maneə yaradacaqsa, sürücünün belə yolayrıcına və ya kəsişmə yerlərinə girməsi qadağandır.633f8c06 75ab 4db8 aefa fdc15b2eb38d

Hazırda qeyd edilən nişanlanmanın Azərbaycan Respublikasında qüvvədə olan müvafiq normativ aktlara əlavə edilməsi üçün təklif layihəsi BNA tərəfindən aidiyyəti qurumlara göndərilib.

Son xəbərlər
Digər xəbərlər