5 C
Baku
Saturday, December 14, 2024

Bakıdakı konsertləri təxirə salındı – Prodakşn rəhbəri Azərbaycandakı iş adamlarını aldadıbmış

Bakıda tanınmış prodakşn rəhbəri həbs edilib.

Banker.az “Report”-a istinadən xəbər verir ki, “Velizadə prodakşın”ın rəhbəri Tural Vəlizadə dörd nəfərə qarşı dələduzluq etməkdə ittiham olunur.

Belə ki, o, azərbaycanlı iş adamlarına Türkiyənin tanınmış müğənniləri – Sıla və Ebru Gündeşi Bakıya gətirib, konsert verdirəcəyini deyib.

T.Vəlizadə ümumilikdə həmin şəxslərdən 200 min dollar pul alıb. Lakin sonradan vədinə əməl etməyib.

Zərərçəkmişlərin şikayətləri əsasında saxlanılan T.Vəlizadənin barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham irəli sürülüb və həbs qətimkan tədbiri seçilib.

Onun cinayət işinin ibtidia istintaqı yekunlaşdırılaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Hazırda hakim Cavid Hüseynovun sədrliyi ilə T.Vəlizadənin cinayət işi araşdırılır.

O, ittiham üzrə özünü təqsirli bilmədiyini və iş adamlarından pulu borc aldığını söyləyib.

Bu gün keçirilən məhkəmə iclasında zərərçəkmiş Rövşən Hacıyevin vəkili Babək Həmidov vəsatət qaldırıb.

O, cinayət işində adı şahid qismində keçən Əli Vəliyevin də cinayət məsuliyyətinə cəlb edilməsini istəyib.

Vəkil qeyd edib ki, Ə.Vəliyev iş adamı R.Hacıyevin işçisi olub, T.Vəlizadəni də onunla o tanış edib: “Rövşən müəllimə türkiyəli müğənnilər – Sıla və Ebru Gündeşin Bakıya konsert üçün gətirilməsi təklifini Əli verib. Əli də Rövşən Hacıyevdən ümumilikdə 140 min dollar pul alıb, Turala verib. Tural isə deyir ki, Əli ona ümumilikdə 120 min dollar pul verib. Məhkəmədən xahiş edirik ki, həmin şəxs də cinayət məsuliyyətinə cəlb edilsin”.

Dövlət ittihamçısı vəsatətə münasibət bildirmək üçün məhkəmədən vaxt istəyib.

Məhkəmənin növbəti iclası yanvarın 25-nə təyin edilib.

Xatırladaq ki, T.Vəlizadə “Velizadə prodakşın”ın rəhbəri olmaqla yanaşı, müğənnilik də edirdi.

Son xəbərlər
Digər xəbərlər