“Azersun”a yaxın olan “Xəyal Adası” yaşayış-ticarət-əyləncə kompleksi “Xəyal Adası” MMC (Dream Land) 2024-cü ildə 647 min manata yaxın xalis mənfəət əldə edib. Halbuki, bu 2023-cü ildə 4 milyon 519 min manat xalis zərər idi.
Banker.az xəbər verir ki, şirkət hesabat müddətində 6 milyon 992 min manat əməliyyat mənfəəti əldə edib.
Lakin şirkət ümumilikdə yenidənqiymətləndirmə səbəbindən 1 milyon 938 min manat zərər etdiyindən ümumi olaraq 1 milyon 292 min manat zərərdədir. Bu biznesin hələ ümumi yığılmış zərəri mənfəətə çevrilməsi üçün növbəti illərdə 10 milyon manata yaxın xalis mənfəətlə bitirmək lazımdır.
2100-dən çox mənzil və 300-ə yaxın villa, həmçinin məktəb kompleksi, ticarət mərkəzləri, mehmanxana, idman – o cümlədən 18 çalalı qolf sahəsindən ibarət ola bu layihə indiyə qədər investisiyalar səbəbindən zərər açıqlayırdı.
İnvestisiyanın nəzərəçarpan dəyişikliyi onun gəlirlərindəndir. Belə ki, ümumi gəlirləri 2023-cü ildəki 46.5 milyon manatdan 2024-cü ildə 68.3 milyon manata yüksəlib — yəni 47%-lik artım qeydə alınıb. Gəlir artımının əsas hissəsi binaların təqdim edilməsi və əyləncə üzrə fəaliyyətlərdən əldə edilib — bu sahədən gəlirlər 7.7 milyon manatdan 53.4 milyon manata sıçrayıb. Layihə işə düşməsinə görə, şirkətin bu istiqamətdə gəliri təxminən 7 dəfə artıb.
Digər gəlirlər:
- Orta məktəb təhsili xidmətlərindən gəlir 9.7 milyon manat olub (2023-cü ildə 9milyon manat).
- Məktəbəqədər təhsil xidmətlərindən gəlir 557 min manata düşüb (2023: 590 min manat).
- İaşə xidmətlərindən gəlir 4.7 milyon manat təşkil edib (2023: 1.9 milyon manat).
- Daşınmaz əmlakın icarəyə verilməsindən gəlirlər 3.8 min manat olub (2023: 1.9 milyon manat).
- Malların təqdim edilməsindən gəlirlər isə azalıb – 17.4 milyon manatdan sıfıra yaxınlaşıb.
Ümumi və inzibati xərclər 26.6 milyon manat, satış xərcləri isə 3.4 milyon manat olub.
Beləliklə, gəlirlərdəki sıçrayış mənfəətliliyi əhəmiyyətli dərəcədə artırıb.
Balans göstəricilərinə görə, “Xəyal Adası” MMC-nin ümumi aktivləri 2024-cü ilin sonuna 326.4 milyon manat, kapital və öhdəlikləri isə eyni məbləğdə təşkil edib. Aktivlər əvvəlki ildəki 317.9 milyon manatdan 2.7% artıb.
Cari öhdəliklər 113.7 milyon manat, uzunmüddətli borclar isə 72.7 milyon manat olub.







