10 C
Baku
Friday, December 13, 2024

Bakıdakı “xruşşovka”lar da söküləcək

Köhnə həyət evlərinin söküntüsü başa çatdıqdan sonra növbədə “stalinka” və “xruşşovka”ların olacağı gözlənir

Paytxat Bakıda gedən söküntü işləri, buna görə ödənilən kompensasiyalar hələ də aktuallığını qoruyan məsələlər sırasında yer alır.

Xatırladaq ki, hazırda söküntü işləri “Sovetski” adlanan ərazini əhatə edir. Düzdür, burada evləri söküləcək bütün sakinlərlə tam razılıq əldə olunmayıb və bu istiqamətdə müvafiq danışıqlar davam etdirilir.

Lakin hökumət tərəfindən təklif edilən kompensasiyalarla razılaşaraq artıq evləri tərk edənlər də var. Bəzi ərazilərdə, hətta söküntü işləri də aparılıb. Hesab edilir ki, buradakı bütün sakinlərlə razılıq əldə olunacaq və “Sovetski”nin köhnə, balaca evləri söküləcək və onların yerində yaşıllıqlar salınacaq.

 “Sovetski” ilə yanaşı, artıq məlumdur ki, “Kubinka”, “Xutor” və “Papanin” adlandırılan ərazilərin də sökülməsi nəzərdə tutulur. Sökülməsi nəzərdə tutulan həmin ərazilərdə də yaşıllaşdırma işlərinin görülməsi nəzərdə tutulur. Bütün bunlar həm də paytaxt Bakıda köhnə evlərin sayının əhəmiyyətli dərəcədə azalacağıın deməyə əsas verir. Bunun ardınca tamamilə gözlənir ki, paytaxtda artıq “xruşşovka” kimi tanınan 4-5 mərtəbəli panel binaların da sökülməsinə start verilsin. Əslində, belə binaların sökülməsi məsələsi uzun müddətdir ki, gündəmdədir və bəzi postsovet ölkələrində artıq bu qəbildən olan binalara rast gəlmək mümkün deyil. Xatırladaq ki, bu məsələni ötən ilin sonlarında deputat Elmira Axundova da qaldırmışdı. O qeyd etmişdi ki, Bakıda “xruşşovka”lar adlanan panel beşmərtəbəli binaların gələcəyi məsələsi öz həllini tapmalıdır. Millət vəkili deyib ki, bu binalar həm mənəvi, həm də fiziki baxımdan köhnəlib: “Misal üçün, Moskvada və ümumilikdə Rusiyada belə yaşayış binalarının sökülməsi ilə bağlı qərar qəbul edilib. Bu məsələ xeyli vəsait tələb edir, lakin gələcəkdə həll olunmalıdır”.

Əksər ekspertlər də bildirir ki, “xruşşovka”ların sökülməsi qaçılmaz olacaq. Sadəcə, indi əsas diqqət köhnə bir və ikimərtəbəli evlərin sökülməsinə yönəlib. Bu səbəbdən Bakıda “stalinka” və “xruşşovka”ların sökülməsi məsələsi hələlik gündəmdə deyil. Rəsmi dairələrin bildirdiyinə görə, “xruşşovka”lardan əvvəl şəhərin ətrafındakı “naxalstroy” tikililərin sökülməsi məsələsi gündəmdədir. Bundan başqa ekspertlər deyir ki, faktiki olaraq hələ ki, bina tikmək üçün Bakı şəhəri və şəhərətrafı ərazilərdə boş ərazilər kifayət qədərdir. Bu baxımdan hələlik sahibkarların istismar müddəti başa çatan binalara olan marağı müşahidə olunmur. Dövlət isə təbii olaraq həmin binaları yalnız xüsusi yoxlamalar nəticəsində qəzalı vəziyyətdə olduğunu müəyyən etdikdən sonra bərpa və yaxud bərkitmə işləri aparır. Bu mənada qeyd olunur ki, qarşıdakı dövr ərzində həmin binaların sökülərək yenilərilə əvəzlənməsi məsələsi aktual olacaq.

Qeyd edək ki, bundan əvvəl Rusiyada “xruşşovka”lar sökülərkən xüsusi dövlət yerləşdirmə proqramı tətbiq edilmişdi. Bu zaman yeni karkas binalarda adambaşına 18 kvadratmetr mənzil verildi. Elə bu səbəbdən də əhali mənzil sahəsi az olan “xruşşovka”ları böyük məmnuniyyətlə tərk etdi. Digər tərəfdən, Moskvada “xruşşovka”ları sökərkən əsas kimi onların komfortsuz, yəni yayda isti, qışda soyuq olması da əsas gətirildi. Çünki bu binaların paneli sonra tikilmiş binalarına baxanda nazikdir. Ən əsası isə qeyd olunduğu kimi, bu binalar yaşayış üçün müasir tələblərə cavab vermir. Bu mənada Bakıda da “xruşşovka”ların sökülməsi qaçılmaz sayılır.

Bəzi ekspertlər isə bildirir ki, təkcə “xruşşovka”lar yox, ümumiyyətlə, ötən əsrin əvvəllərindən etibarən tikilən alman layihəli binalardan başlayaraq italyan layihəli, fransız layihəli evlərin sökülməsi istiqamətində addımlar atılmalıdır. Bu, təkcə fiziki baxımdan aşınma ilə izah olunmamalıdır. Belə ki, həmin evlərə beynəlxalq standartlara cavab vermək baxımından yanaşsaq, aydın olur ki, bu tipli binalar müasir tələblərə cavab vermir. İnsanın normal yaşaması üçün yetərli şərait mövcud deyildir. Bunun mənzil bazarına təsirinə gəlincə isə, ekspertlər hələlik nikbin əhval-ruhiyyədən çıxış edirlər. Hesab olunur ki, burada Rusiya təcrübəsindən istifadə edilsə, “xruşşovka”ların sökülməsinin mənzil bazarına heç bir təsiri olmayacaq.

Milli.Az

Son xəbərlər
Digər xəbərlər