Bakıdan Çinin paytaxtı Pekin şəhərinə birbaşa sərnişin aviareysi üzrə uçuşlar müvəqqəti dayandırılır.
Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportundan bildirilib.
Hava limanından verilən məlumata görə, cədvəl üzrə “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Bakı-Pekin aviareysi üzrə uçuşlar yanvarın 30-dək davam etdiriləcək, bundan sonra isə martın əvvəlinədək dayandırılacaq.
“Cədvəl üzrə Bakı-Pekin aviareysi üzrə uçuşlar həftənin III və VII günləri saat 22:50-də yerinə yetirilir. Uçuşlar yanvarın 30-dək davam etdiriləcək, bundan sonra isə, cari ilin martın 8-dək dayandırılacaq. Bakı-Pekin aviareysi martın 8-dən etibarən bərpa olunacağı gözlənilir”, – deyə aeroportdan bildirilib.
Qeyd edək ki, ötən gün “China Southern Airlines” şirkəti Quançjou-Bakı-Quançjou aviareysini ləğv edib. Buna səbəb Çində tüğyan edən koronavirus olub.
Xatırladaq ki, Çində koronavirusdan ölənlərin sayı 80 nəfərə çatıb, ümumilikdə isə ölkə ərazisində təxminən 2,5 min nəfər bu virusa yoluxub.
©APA