Bakı Nəqliyyat Agentliyi paytaxtın əsasən mərkəzi hissəsini əhatə edən 74 yol kəsişməsində nəqliyyat şəraitinin yaxşılaşdırılmasını nəzərdə tutan pilot layihənin icrasına başlayıb. Bu barədə BNA-dan məlumat verilir.
“Layihənin birinci mərhələsində işlər M.Füzuli, Ş.Bədəlbəyli, M.Əliyev, R.Behbudov, S.Vurğun, D.Əliyeva, S.Rəhimov küçələri və Bülbül prospektinə aid 20 kəsişmədə həyata keçiriləcək. Layihə çərçivəsində müəyyən edilən yerlərdə yeni yol nişanları qoyulacaq, mövcud olan çatışmazlıqlar aradan qaldırılacaq. Həmçinin, yol nişanları yenilənəcək, parklanma yerləri nəzərdən keçiriləcək və hərəkət istiqamətləri təkmilləşdiriləcək. Zəruri yerlərdə isə sarı kəsişmə toru nişanlanması təşkil ediləcək”, – məlumatda deyilir.
BNA-nın məlumatına görə, layihəyə uyğun olaraq, M.Füzuli və S.Vurğun küçələrinin kəsişməsində sarı kəsişmə toru nişanlanması təşkil edilib. Davamlı olaraq, nəzərdə tutulan digər kəsişmələrdə də analoji nişanlanma işləri aparılır.
“Pilot layihə 74 yol kəsişməsini əhatə edəcək, bu da şəhərin mərkəzi küçə və prospektlərində nəqliyyat şəraitini əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq”, – məlumatda vurğulanır.
Xəbər verildiyi kimi, sarı kəsişmə toru 1967-ci ildə Londonda uğurla sınaqdan keçirilib və bu gün Avropanın bir çox ölkələrində, ABŞ-da və bəzi Asiya ölkələrində tətbiq edilir.