Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat sıxlığının azaldılması, gündəlik hərəkətliliyin daha səmərəli təşkili və sakinlərin rahatlığının artırılması məqsədilə yeni nəqliyyat layihələrinin icrası nəzərdə tutulur.
Tıxacların qarşısının alınmasına hesablanan bu təşəbbüslər çərçivəsində dəmir yolu infrastrukturunun genişləndirilməsi, sərnişindaşıma imkanlarının artırılması və yeni marşrutların istismara verilməsi planlaşdırılır.
“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Kommunikasiya departamentinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev bildirib ki, qurum “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”na uyğun olaraq mövcud sərnişindaşıma xidmətinin təkmilləşdirilməsi məqsədilə tədbirləri davam etdirir:
“O cümlədən Abşeron dairəvi dəmiryol marşrutu üzrə dəmiryol xəttinin qatarburaxma, eləcə də sərnişindaşıma qabiliyyətinin artırılması, yeni dayanacaqların istismara buraxılması nəzərdə tutulur. Sərnişindaşıma xidmətinin daha da təkmilləşdirilməsi məqsədilə Dərnəgül stansiyasında tikinti işləri sürətlə davam etdirilir. Artıq tikinti işlərinin 58 faizi yekunlaşıb. Həmçinin qarşıdakı dövrdə Saray qəsəbəsində qatarlara dayanacaq verilməsi planlaşdırılır.
Bundan başqa, Dövlət Proqramına əsasən, 2026-2028-ci illərdə Bakıxanov–Binə–Qala, 2026-2027-ci illərdə Yeni Suraxanı–Hövsan və 2028-2030-cu illərdə Zabrat–Maştağa–Bağlar dəmir yolu xətlərinin bərpası, eləcə də bu xətlər boyunca mövcud stansiyaların bərpası və yeni stansiyaların inşası nəzərdə tutulur. Həmçinin 2030-cu ilədək 10 yeni sərnişin qatarının alınması nəzərdə tutulur və hazırda bu istiqamətdə işlər davam etdilir”.






