2018-ci ilin oktyabr ayında Bakının daşınmaz əmlak bazarında qiymət indikatoru sentyabr ayının sonuna olan göstərici ilə müqayisədə 0,14% bahalaşıb.
Banker.az xəbər verir ki, bunu mənbəyə “MBA Group” konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov deyib.
Ekspertin qiymətləndirmələrinə görə, hesabat ayında qiymət artımı kommersiya obyektləri və torpaq bazarı istisna olmaqla, demək olar ki, bütün seqmentləri əhatə edib.
“Ay ərzində ilkin mənzil bazarında qiymətlər 3,12% – 1 224 manatadək (1 kv.m), təkrar bazarda isə 2,57% – 1698 manatadək bahalaşıb. 1 mənzilin kirayə haqqı 2,45% – 920 manatadək, kommersiya obyektlərinin icarə haqqı isə 2,66% – 15,73 manatadək (1 kv.m) artıb», – deyə o bildirib.
Baş direktorun sözlərinə görə, oktyabrda 1 sot torpağın qiyməti 1,1% – 21,218 min manatadək, kommersiya obyektlərinin qiyməti 5,27% – 2,412 min manatadək (1 kv.m) ucuzlaşıb.
Ekspert qeyd edib ki, Bakının daşınmaz əmlak bazarında qiymətlərin bahalaşmasının əsas səbəbi təkliflər portfelinin strukturunun dəyişməsi ilə bağlıdır. «Portfeldə, əsasən bahalı mənzillər qalıb və bu da orta qiymətlərin artımını şərtləndirən amildir. Bundan başqa, payız aylarında hər zaman fəallığın artması müşahidə olunur ki, bu da qiymətlərə təsirsiz ötüşməyib», – deyə N.İbrahimov vurğulayıb.
©İnterfaks-Azərbaycan