Bu ilin ortasında “Bakı xanları evi”ndə virtual muzey istifadəyə veriləcək.
Bunu “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Əsgər Ələkbərov 2019-cu ilin yekunlarına həsr olunan mətbuat konfransında deyib.
Sədr deyib ki, muzeydə Bakının orta əsrlərinə virtual səyahət etmək mümkün olacaq. Bundan başqa, Qala Qoruğunda açıq səma altında və antik muzeydə ekspozisiya və sərgilər təşkil olunacaq.
Ə.Ələkbərovun sözlərinə görə, İçərişəhərdə Böyük Qala 3 və 5 ünvanlarında iki qəzalı vəziyyətdə olan binanın restavrasiyasının bu ilin sonuna kimi tamamlanması planlaşdırılır. Həmin binalarda yaşayan 17 ailənin sakinlərinin hamısı müvəqqəti yaşayış yerləri ilə təmin olunub.
İdarə Heyətinin sədri əlavə edib ki, İçərişəhərə, eləcə də Qala Qoruğuna gələn turistlərin sayı gündən-günə artır. Belə ki, 2019-cu il ərzində 3040 nəfər rəsmi və qeyri-rəsmi nümayəndə heyəti üçün ekskursiyalar, 3271 nəfərə isə fərdi və qrup turları təşkil edilib. Bundan başqa, hesabat ili ərzində muzeylərdə ziyarətçilərin sayı 383.528 nəfər təşkil edib.
Ə.Ələkbərov qeyd edib ki, “Bakı xanları evi”nin restavrasiyasının bu ilin ortalarında bitməsi gözlənilir.
©Trend