15 C
Baku
Tuesday, November 18, 2025

“Baku Electronics” müştəriləri çaşdırıb: “Yapon keyfiyyəti” dediyi məhsullar Çin və Özbəkistanda istehsal olunub

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən aparılan araşdırmalar nəticəsində “Baku Electronics” MMC tərəfindən satışa çıxarılan bəzi məhsulların reklam və təqdimatında istehlakçılarda yanlış təsəvvür yaradan məlumatlardan istifadə olunduğu müəyyən edilib.

Banker.az agentliyə istinadən xəbər verir ki, araşdırma zamanı aşkar olunub ki, “YOSHIRO” markalı məişət texnikası və elektronika məhsullarının reklamı və satışı zamanı məhsulların faktiki istehsal ölkələri ÇinÖzbəkistan olmasına baxmayaraq, reklam və qablaşdırmada “Yapon ənənəsi”, “Yapon keyfiyyəti” kimi ifadələrdən istifadə edilərək məhsulların Yaponiyada istehsal olunduğu təəssüratı yaradılıb. Həmçinin məhsullar barədə həqiqətə uyğun olmayan üstünlüklərin təqdim olunması halları da qeydə alınıb. Bu hallar Rəqabət Məcəlləsinin tələblərinin pozulması kimi qiymətləndirilib.

Qeyd olunur ki, yay aylarında da “Baku Electronics” tərəfindən oxşar nöqsanların baş verdiyi müəyyən olunub. Həmin dövrdə məhsulların mənşəyi, hazırlanma üsulu və texnologiyası barədə istehlakçılara həqiqətə uyğun olmayan məlumatlar verilməsi, eləcə də məhsulların xüsusiyyətləri barədə düzgün olmayan göstəricilər təqdim olunub.

Buna görə, “Baku Electronics” MMC barəsində haqsız rəqabət hallarının aradan qaldırılması və təkrarının qarşısını almaq məqsədilə icrası məcburi göstərişlər verilib. Hazırda iş üzrə baxılma prosesi davam edir və nəticələrlə bağlı əlavə məlumat veriləcək.

Agentlik bildirir ki, Rəqabət Məcəlləsinin tələblərinə əsasən, məhsulun mənşəyi, hazırlanma üsulu və texnologiyası, keyfiyyəti, istifadə üçün yararlılığı və digər mühüm xüsusiyyətləri barədə həqiqətə uyğun olmayan məlumatların verilməsi, eləcə də fərqləndirici nişan, marka və ya işarələrdən yanlış istifadə qadağandır və bu cür hərəkətlər haqsız rəqabət hesab olunur.

Son xəbərlər
Digər xəbərlər