“Baku Elektronics”in bank olmayan kredit təşkilatı “TCF” BOKT ASC 2025-ci ilin sonunda 809 min manat xalis mənfəət əldə edib. 2024-cü ilin 424 min manatı ilə müqayisədə 90,7% artım qeydə alınıb.
Banker.az xəbər verir ki, 2025-ci ildə xalis faiz gəliri 1 milyon 475 min manat olub ki, bu da 2024-cü ilin 1 milyon 610 min manatı ilə müqayisədə 8,4% azalma deməkdir. Faiz və komissiya gəlirləri 2 milyon 66 min manata düşüb, 2024-cü ilin 2 milyon 508 min manatı ilə müqayisədə 17,6% azalıb.
Cəmi aktivlər 7 milyon 191 min manat səviyyəsində olub və bu, 2024-cü ilin 15 milyon 686 min manatı ilə müqayisədə 54,1% azalma deməkdir. Bu əsas fəaliyyət sahəsi sayılan müştərilərə verilmiş kreditlərin bir il ərzində 14.38 mln. manatdan 3.75 mln. manata kəskin düşməsi ilə əlaqəlidir.
Bankın borc öhdəlikləri 3 milyon 127 min manat təşkil edib, əvvəlki ilin 8 milyon 258 min manatı ilə müqayisədə 62,2% azalıb.
TCF BOKT ASC 2025-ci il ərzində “Azərbaycan Beynəlxalq Bankı” ASC və “Ziraat Bank Azərbaycan” ASC ilə olan kredit öhdəliklərini idarə edib. Şirkət “Azərbaycan Beynəlxalq Bankı” ilə 3 mln. manatlıq əlavə kredit xətti bağlayıb və il ərzində 8,099 mln. manat borcunu geri ödəyib. 31 dekabr 2025-ci il tarixinə qalıq borc 1,531 mln. manat təşkil edib və bu məbləğin 2026-cı ilin iyun ayına qədər tam ödənilməsi planlaşdırılır.
Eyni zamanda, BOKT “Ziraat Bank Azərbaycan” ilə bağlanmış kredit xəttindən 2024-cü ildə 935 900 dollar (1 mln. 589 min. manatekvivalenti) borclanma əldə edib və 2025-ci il ərzində 7 838 manat geri ödəyib. 31 dekabr 2025-ci il tarixinə qalıq borc 1 mln. 595 min AZN-dir və ödənişlərin 2026-cı ilin avqust ayına qədər tamamlanması gözlənilir.
TCF BOKT ASC-nin kapital strukturu da güclənib. Bölüşdürülməmiş mənfəət 2 milyon 646 min manat olub, 2024-cü ilin 1 milyon 837 min manatı ilə müqayisədə 44% artıb.
Xatırladaq ki,”TCF” 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 450 min manatdır. BOKT-un səhmdarı 100% “Baku Elektronics” MMC-dir.







