®Ətraf mühitin qorunması və təbii ehtiyatlardan səmərəli istifadə edilməsi “Baku Steel
Company” QSC-nin (BSC) Korporativ Sosial Məsuliyyət (KSM) layihələrinin əsas
istiqamətlərindəndir. Davamlı olaraq ekoloji layihələrə dəstək verən şirkət bu dəfə öz
əməkdaşları üçün ekoloji maarifləndirmə seminarı təşkil edib.
Seminar Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin
mütəxəssisləri tərəfindən BSC-nin Konfrans zalında keçirilib.
Ətraf mühitin, yaşıllıqların, atmosfer havasının mühafizəsi, ekoloji təhlükəsizlik,
ölkəmizin eko-vəziyyəti, eləcə də təbii ehtiyatlardan səmərəli istifadə haqqında
məlumatlar seminar iştirakçılarının marağına səbəb olub və fəal müzakirələrlə yadda
qalıb.
Qeyd edək ki, BSC bu il ərzində davamlı olaraq ekoloji layihələrə imza atıb. Belə ki,
«Nargis» Nəşriyyat Evi ilə birlikdə həyata keçirilən «Go Green» sosial məsuliyyət
layihəsi çərçivəsində Dəniz Vağzalında oktyabrın 13-dən davam edən eko-sərgi ötən gün
yekunlaşıb. Sərgi ətraf mühitin mühafizəsinə həsr olunmuşdu və incəsənət əsəri vasitəsi
ilə müasir ekoloji problemləri ictimaiyyətə çatdırmaq məqsədini daşıyırdı.
Sərgilənən ekspozisiyalar bu il paytaxtın müxtəlif ərazilərində aparılan təmizlik işləri
nəticəsində toplanan tullantılardan hazırlanmışdı. BSC-nin bu ilki installyasiyası Teymur
Qəribovun müəllifi olduğu «Yaxşılığa ümid» (“Hope for the Best”) əsəridir. Öncəki
illərdə də şirkətin dəstəyi ilə keçirilən «Planet Calling», «Reduce, Reuse, Recycle,
Respect», «Make the Earth Smile» layihələrinin eko-sərgilərində sözügedən tərzdə
ekspozisiyalar nümayiş olunmuşdu və hazırda onlar şirkətin inzibati binasının önünü
bəzəyir. “Hope for the Best” ekspozisiyası da artıq digər əsərlərin yanında öz layiqli
yerini tutur.
BSC, həmçinin 2023-cü ildə Nərimanov və Binəqədi rayonları, eləcə də Sumqayıt şəhər
İcra Hakimiyyətlərinin təşkil etdikləri ağacəkmə aksiyalarında fəal iştirak edib.