“Baku Steel Company”nin sabiq rəhbəri Rasim Məmmədovun cinayət işi üzrə bu gün keçirilməli olan məhkəmə prosesi təxirə salınıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə bu günə təyin olunan iclasın keçirilməməsinə səbəb kimi təqsirləndirilən şəxsin vəkilləri – Elçin Sadıqov, Zibəydə Sadıqova və Pərviz Məmmədovun məhkəməyə gəlməmələri göstərilib.
Hər üç vəkil məhkəməyə prosesdə iştirak edə bilməyəcəkləri ilə bağlı bildiriş göndəriblər.
Dövlət ittihamçısı prosesin vəkillərin iştirakı olmadan keçilməsinin mümkün olmayacağını bildirib.
İclas sentyabrın 23-ə təxirə salınıb.
Rasim Məmmədov Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən həbs olunub. O, Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə və ya israfetmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə yalan sahibkarlıq), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.